Dünya İqtisadi Forumunun qurucusu və icraçı sədri, professor Klaus Şvabın “Dördüncü sənaye inqilabı” kitabı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən Azərbaycan dilində nəşr edilib.

UNEC-dən bildirilib ki, Klaus Şvabın bu məşhur əsəri süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabının nə olduğu, hansı yenilikləri gətirəcəyi, necə təsir göstərəcəyi və onu ümumi faydalara çevirmək üçün nələr edilə biləcəyi haqqındadır. Əsərdə yeni texnoloji inqilabın əsas xüsusiyyətləri təsvir edilir, yaratdığı imkanlar və dilemmalar vurğulanır və ən əhəmiyyətlisi, dördüncü sənaye inqilabının insanlığın nəzarətində baş verməsinin yolları araşdırılır.

Bu sahə üzrə ilk fundamental əsər hesab edilən “Dördüncü sənaye inqilabı” kitabının Azərbaycan dilində nəşrinin ön sözü İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən yazılıb. Əsər indiyə qədər 15-dən çox dildə (Çin, alman, fransız, ispan, portuqal, italyan, rus, türk, ərəb və s.) nəşr edilib. Kitabın Azərbaycan dilində nəşri Dünya İqtisadi Forumu ilə UNEC arasında imzalanmış müvafiq müqavilə əsasında həyata keçirilib.

Əsər Azərbaycan dilinə iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə və tədqiqatçı Təhmasib Əlizadə tərəfindən tərcümə olunub. Azərbaycan dilində nəşrin elmi redaktoru UNEC-in rektoru, professor Ədalət Muradovdur.