Qarşıdan 18 may – Beynəlxalq Muzeylər Günü gəlir. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (İCOM) konfransında təsis olunan əlamətdar gün ənənəvi olaraq müxtəlif tədbirlər, “açıq qapı” aksiyaları ilə qeyd edilir.

Ancaq bu il vəziyyət fərqlidir. Hazırda bütün dünya koronavirus (COVİD-19) pandemiyasının əsirinə çevrilib. Onun mənfi təsir göstərdiyi sahələrdən biri də, sözsüz ki, muzeylərdir. Sosial həyatı iflic vəziyyətə salan pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi və sosial izolyasiya üzündən muzeylərin fəaliyyəti dayandırılıb. Ona görə də Beynəlxalq Muzeylər Günü bu il virtual formada, onlayn layihələrlə qeyd olunacaq.

Bu arada müxtəlif ölkələrdə karantin rejimindən sonra mədəniyyət ocaqlarının, o cümlədən muzeylərin necə fəaliyyət göstərəcəyi ilə bağlı müzakirələr aparılır. Rusiya Mədəniyyət nazirinin müavini Alla Manilova bildirib ki, əgər iyun ayında karantin uzadılmasa, muzeylərin açılması iyul ayının ortalarına təsadüf edə bilər. Nazir müavini həmçinin qeyd edib ki, koronavirus pandemiyasının sona çatması elan olunana qədər ziyarətçilərin sayı məhdud olmalıdır. Ziyarətçilərin icazə verilən sayı binaların imkanlarına uyğun və sosial məsafəni saxlamaq tələbinə əsasən formalaşdırılacaq.

Bəs eyni taleyi yaşayan ölkəmizin aparıcı muzeyləri postpandemiya dövründə fəaliyyətini necə quracaq? Paytaxtın bir neçə muzeyinin rəhbərlərinin bu barədə fikirlərini öyrəndik.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova deyir ki, ziyarətçilərin muzeylərə qayıdışını diqqətlə nəzərdən keçirmək lazımdır: “Bizim muzeydə hazırda aktiv onlayn fəaliyyət həyata keçirilməkdədir. Çoxsaylı maraqlı layihələr təqdim olunur. Lakin muzey işi bununla məhdudlaşa bilməz. Çünki təyinatına görə muzey insanların gələ biləcəyi bir məkandır. Təbii ki, ziyarətçilərin sayına məhdudiyyətlər qoyulmalı, bununla bağlı müvafiq qərarlar qəbul edilməlidir. Bütün gigiyenik qaydalara və sosial məsafə parametrlərinə əməl olunmalıdır”.

Muzeyin direktoru deyir ki, müəssisənin kollektivi növbəli iş rejimi ilə fəaliyyət göstərə bilər: “Əlbəttə, bu çətin dövrdə muzeylərin daha çox maddi dəstəyə ehtiyacı olacaq. Bir çox dünya muzeyləri və Beynəlxalq Muzeylər Şurası (İCOM) dəfələrlə bu məsələni qaldırıb”.

İçərişəhər Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova bildirdi ki, vəziyyət hazırda bütün dünya muzeylərində olduğu kimidir. Bütün muzeylər bağlıdır və onlayn rejimdə fəaliyyət göstərirlər: “Karantindən sonra yəqin ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələri olacaq və biz də bu qaydalara riayət etməliyik. Bəzi muzeylərdən fərqli olaraq bizim ekspozisiyalarımızın çoxu açıq səma altındadır. Ziyarətçilər ara məsafəsi saxlamaqla eksponatlarla tanış ola bilərlər. Amma Qız qalası kimi tarixi məkanlarda müəyyən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacibdir. Burada artıq 2 metr məsafə saxlamaq üçün hər mərtəbədə iki nəfər olmalıdır və bunu tənzimləmək lazımdır”. Ə.Məlikova deyir ki, muzeylərdə fəaliyyətin bərpası ilə bağlı meyarlar bu müəssisələrin konstruksiyasından da asılıdır və hər bir muzey işini müvafiq qaydada qurmalıdır.

Günümüzün danılmaz reallığını nəzərə alaraq deyə bilərik ki, koronavirus peyvəndi yaranana qədər muzeylərin, teatr-konsert müəssisələrinin əvvəlki ahənginə qayıtması o qədər də asan olmayacaq...

L.AZƏRİ