Mayın 15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “Facebook” səhifəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesinin tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunacaq.

Tamaşada ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.

Nurcahan rolunu Əməkdar artist Nərgiz Kərimova ifa edir. Digər rolları Əməkdar artist İlham Hüseynov (Sahib) və balet artisti Mələk Səfərova (Ayqız) canlandıracaq.

***

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası mayın 20-də sənət ocağının “Facebook” sosial şəbəkə səhifəsi vasitəsilə onlayn göstəriləcək.

İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, əməkdar artistlər Kazım Abdullayev, Mirzə Ağabəyli, Rövşən Kərimduxt, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, Elnur Qədirov və Cümşüd Zeynalov oynayır.

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi tərəfindən yeni hazırlanmış, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşası mayın 21-də sənət ocağının “Facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.

Tamaşanın quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır. Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları canlandırıblar.

***

Yuğ Dövlət Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı mayın 28-də onlayn şəkildə təqdim edəcək.

Teatrın və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dram kimi təyin edilib. Səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edir.

Yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.