Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrı monotamaşalar festivalı keçirməyi planlaşdırır. Bu, “Bir teatr – bir festival” layihəsi çərçivəsində sayca dördüncü festival olacaq.
“Bizim teatr – monotamaşalar” adlandırılan festivalın karantin müddəti bitdikdən sonra keçirilməsi nəzərdə tutulur. Festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirmək üçün meydan, Azərbaycanda festival ənənəsinin genişlənməsinə töhfə verməkdir.
Hazırda Bakı Uşaq və Gənclər Teatrında çalışan hər aktyor festival üçün öz tamaşasını hazırlayır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq. Festivalda iştirak etmək üçün teatrlara dəvət göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu layihə çərçivəsində 2014-2015-ci illərin mart ayında “Bizim teatr” adlı iki festival, 2019-cu ilin aprelində isə “Nəsimi ili, Nəsimi dili” festivalı Bakı Uşaq və Gənclər Teatrı tərəfindən keçirilib.