Türkiyədə ənənəvi “Vəqf həftəsi” bu il fərqli keçirilir
Hər il ənənəvi olaraq may ayının ikinci həftəsi Türkiyədə “Vəqf həftəsi” kimi qeyd olunur, bununla əlaqədar çeşidli tədbirlər düzənlənir. Bu tədbirlərin məramı nədir və qlobal pandemiyanın doğurduğu sosial təcrid şəraitində Vəqflər Baş Müdirliyi budəfəki “Vəqf həftəsi”ni necə keçirir? Qurumun müdir müavini Rifat Türkere ilə söhbətimiz bu barədədir.
– Rifat bəy, vəqf anlayışı nəyi ehtiva edir və onun müasir Türkiyə üçün əhəmiyyəti nədir?
– Vəqf bizim İslam inancımızdan irəli gələn xeyriyyəçilik anlayışı və onun üzərində təşəkkül tapan qurumdur. Anadolu Səlcuq hökmdarı Sultan Alp Arslan tərəfindən 1071-ci ildə fəth edilib. Amma o tarixdən öncə Anadoluda qurulan vəqflərlə bağlı məlumatımız var. İlk belə bir qurum Ərzurumda 1048-ci ildə yaradılıb. Biz vəqflərin tarixini həmin ildən hesablayırıq və bunu loqomuzda da əks etdirmişik. Səlcuqlardan sonra Osmanlı dönəmində də sultanların, şahzadələrin vəqfləri olub. O zamanlar təhsil, səhiyyə, yol xidmətləri və digər işlər vəqflərin vasitəsilə həyata keçirilirmiş. Bu ənənə indi də davam edir. Türkiyədə vəqflərə aid 17 min mədəniyyət abidəsi, tarixi tikili var. Keçmişdən bu günə Türkiyə ərazisində 50 mindən çox vəqf qurulub. Bunlardan yalnız 3-4 mininin mal varlığı (məscid, mədrəsə binası və s.) var. Qalanları zaman içində itib. Vəqflərin mal varlığı hazırda bizim qurum tərəfindən idarə olunur. Vəqflərin fəaliyyəti “akar” və “hayrat” olmaqla iki hissəyə bölünür. Birinci fəaliyyətdə gəlir əldə edirsən, ikincidə isə bu gəliri xeyriyyə işlərinə xərcləyirsən. Yəni gəlir olmadan vəqf qurmaq mümkün deyil və eyni zamanda bu fəaliyyət tamamilə şəffaf olmalıdır.
– Bu il “Vəqf həftəsi” necə gerçəkləşir?
– 11-17 may tarixini əhatə edən builki tədbirlərimiz məlum vəziyyətlə əlaqədar fərqli şəkildə keçirilir. Bir neçə gün öncə Vəqflər Baş Müdirliyinin rəhbəri Burhan Ersoy sosial media üzərindən “Vəqf həftəsi” ilə əlaqədar mesaj yayımladı. Mesajda bildirilirdi ki, bu ənənəvi həftənin məqsədi yüz illər boyu bizlərə əmanət buraxılan və bu gün önəmini daha yaxşı dərk etməkdə olduğumuz yardımlaşma və qarşılıq gözləmədən yaxşılıq etmək konsepsiyalarının təməlini təşkil edən vəqf anlayışını canlı saxlamaqdır. Baş müdirimizin də söylədiyi kimi, budəfəki “Vəqf həftəsi”nin mövzusu “Vəqf mədəniyyətində şəfqət və mərhəmət”dir. Qlobal pandemiya ilə əlaqədar olaraq vəqflərin budəfəki bayram həftəsi media, o cümlədən sosial media üzərindən qeyd edilir. Yəni xüsusi bir tədbirimiz yoxdur. Amma vəqflərin tanıdılması, ilboyu görülən işlər, həyata keçirilən layihələrlə bağlı təqdimatlar televiziya və sosial media vasitəsilə yayımlanır, müxtəlif şəhərlərdəki vəqf idarələrimizlə sosial media üzərindən canlı bağlantılar qurulur. Əlbəttə, bu təqdimatlarda yalnız vəqflərin ilboyu gördükləri işlər haqqında məlumat verməklə kifayətlənməyib, həm də vəqflərin tarixi, vəqf mədəniyyəti haqqında da geniş bəhs edilir. Vəqflər Baş Müdirliyi 5 iyul 1935-ci ildə qurulub. Ondan sonra ölkəmizdəki vəqflərin hamısının idarə olunması bu təşkilata verilib. Vəqflər təhsilə, səhiyyəyə dəstək, yoxsullara, evsizlərə yardım və xidmət göstərən təşkilatlardır. Vəqflər hər sahədə olduğu kimi, ölkəmizin sosial, iqtisadi, mədəni baxımdan müdafiəsində təsirli rola malikdir.
– Sizin qurumun mədəniyyətə verdiyi önəm nədən ibarətdir?
– Əvvəla onu deyim ki, biz tarixi abidələri bərpa edirik. 2003-cü ildən bəri vəqflərə aid olan 17 min tarixi mirasdan 5 minini bərpa etmişik. Məsələn, İstanbuldakı Fatih məscidi, Ankaradakı Hacı Bayram məscidi də vəqfə aiddir və təbii ki, onlar həm də tarixi abidələrdir. Tarixi abidələr bizə ata-babalarımızdan qalan bir əmanətdir. Bizim vəzifəmiz də bu əmanəti gələcək nəsillərə ötürməkdir. Amma bunu edərkən də qarşımızda başqa bir vəzifə dayanır: bu abidələrin əvvəlki memarlıq quruluşuna toxunmamaq. Tariximizi hərtərəfli bilməli, onun mirasını da qorumalıyıq.
Yer üzündə yaşayan toplumların və dövlətlərin hər birinin özünəməxsus adət-ənənəsi, mədəniyyəti və qaydaları var. Bütün ölkələr sahib olduqları mədəniyyətləri digər mədəniyyətlərə və ya ölkələrə tanıtmaq məqsədilə arxivlər, muzeylər, kitabxanalar və s. yaradırlar. Türkiyədə arxiv tarixi uyğur türklərinə qədər gedib çıxır. Bu gün ölkəmizə miras qalan arxivlərin böyük bir qisminin mövcudluğunu bu arxiv anlayışına borcluyuq. Baş Nazirlik yanında Osmanlı Arxivləri, Topqapı Sarayı Arxivi, “Kuyud-i Kadime” Arxivi başda olmaqla müxtəlif arxivlər bu anlayış sayəsində günümüzə qədər gəlib çıxıb. Türkiyənin ən önəmli arxivlərindən biri də Vəqflər Baş Müdirliyinin arxividir.
38 fonddan ibarət bu arxiv Səlcuqlu, Bəyliklər və Osmanlı dönəmləri ilə bağlı olaraq dini həyat, təhsil, sağlıq, sosial xidmətlər və mədəni müəssisələrlə bağlı araşdırma aparanlar üçün ən önəmli qaynaqlardan birirdir.
– Vəqflərin muzeyin işinə də töhfəsi olub...
– Muzeylər qədim əşyaların sərgiləndiyi məkan olmaqdan savayı, həm də tarixdən ibrət götürməyə və keçmiş mədəniyyətlərlə günümüzü müqayisə etməyə imkan yaradan bir mirasdır. Türkiyədə ilk qurulan muzey “Muzeyi-Humayun” olub, sonra “Hərbi muzey”, “Ulduz sarayı muzeyi” və daha sonra “Muzeyi-Askeri” adlanıb. 1914-cü ildə isə İslam Vəqfləri Muzeyi qurulub. Vəqflər Baş Müdirliyinin arxivində olan bir dəftərdən anlaşıldığına görə, muzeydə sərgilənmək üçün İstanbul, Bursa, Ədirnə və digər vilayətlərdəki çox sayda məscid, türbə, təkkə və mədrəsəyə aid olan əlyazmalar, müxtəlif əşyalar və tarixi əsərlər bu muzeyə gətirilib. 1924-cü ildə muzeylər Təhsil Nazirliyinin və İstanbul Muzeyləri Baş Müdirliyinin tabeliyinə verilib və adı da “Türk İslam Əsərləri Muzeyi” olaraq dəyişdirilib. 1964-cü ildə təkrar müstəqil qurum olan muzey hazırda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərir.
Mehparə SULTANOVA
Ankara