On bir ayın sultanı – aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mayın 23-də başa çatır. 24 may müqəddəs Ramazan bayramının ilk günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.

“Allah dərgahında rəhmət, bərəkət və məğfirəti ilə üstün aylardan olan Ramazanın əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allahdan dua edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!” – deyə təbrikdə bildirilir.

Qeyd olunur ki, builki Ramazan dünya üçün mürəkkəb dövrə təsadüf etdi. Bəşəriyyət xəstəlik təhlükəsi ilə mücadilə apardığı bir zamanda, dünya müsəlmanları kimi, İslam aləminin ayrılmaz parçası olan Azərbaycan dindarları da dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxması, Yer üzündə salamatlıq, əmin-amanlığın hökm sürməsi üçün dualar etdilər, Ramazan ayının oruc, ibadətlərini  ixlas və təqva ilə yerinə yetirdilər, evlərində, ailə ocaqlarının başında böyük ümid və imanla Ramazan sevincini yaşadılar. Azərbaycan cəmiyyəti dövlət başçısının «Biz birlikdə güclüyük» şüarı ilə səfərbər oldu. Ən müqəddəs dəyər olan insan həyatının qorunması yönündə fövqəladə tədbirlər, vaxtında verilmiş qərarlar Allahın köməyi ilə xalqımızı ağır itkilərdən qorudu. Azərbaycan liderinin ölkə daxilində və beynəlxalq müstəvidə hümanizm örnəyi Ramazanın mərhəmət ab-havası ilə həmahəng oldu. Cəmiyyətimizin mənən saflaşmasına xidmət edən dövləti əhəmiyyətli addımlar Uca Allaha xoş gedən, xalq tərəfindən təqdir olunan hallardır.

Müraciətdə vurğulanır ki, Allah-Təalanın lütfü və mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımız, Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edirik: “Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını, dünyasını dəyişənlərin rəhmətə qovuşmasını diləyirik. İnşallah, işğal altında olan torpaqlarımızı azad etməyi, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini Allah bizlərə nəsib etsin! Allah müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!”.

“Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah orucumuzun əcri olaraq lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, xalqımıza salamatlıq, hər bir ailəyə rifah bəxş etsin!” – deyə müraciətdə qeyd edilir.