Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 22-də “Qlobal çağırış” (“Global message”) adlı virtual sərgi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi Əməkdar rəssam Zaur Kantemirov tərəfindən yaradılan plakatlar vasitəsilə bütün dünyanı təsiri altına alan koronavirus (COVİD-19) pandemiyasından insanları qorumaq, karantin qaydalarına əməl etmək və orijinal yanaşmanı göstərmək məqsədilə həyata keçirilir.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Zaur Kantemirov 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. 1992-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialı ilə bir çox layihələrə imza atıb, “Şüşə qəlbli” təxəllüsünü də bu işlərinə görə qazanıb.