Hazırda bütün dünya koronavirus (COVİD-19) pandemiyasının əsarətindən xilas olmaq üçün mübarizə aparır. Virusun mənfi təsir göstərdiyi sahələrdən biri də, sözsüz ki, kinoteatrlardır. Demək olar ki, bütün ölkələrdə kinoteatrlar bağlanıb. Eyni zamanda ayrı-ayrı ölkələrdə karantin rejimindən sonra kinoteatrların necə fəaliyyət göstərəcəyi ilə bağlı müzakirələr aparılır.
Qonşu Rusiyada artıq kinoteatrların fəaliyyətinin bərpa edilməsi məqsədilə tövsiyələr hazırlamaq çağırışı ilə hökumətə müraciət olunub. Lakin hökumətdən verilən cavabda bildirilir ki, bu yalnız məhdudlaşdırıcı sanitar-epidemioloji tədbirlər qaldırıldıqdan sonra baş verə bilər. Rusiya Mədəniyyət Nazirliyinin Kino departamenti tərəfindən çəkiliş fəaliyyətinin bərpa olunması ilə bağlı bölgələrlə iş aparılır və bu məqsədlə də hökumətə müraciət edilib. Bütün müraciətlərdə isə işin təşkilinin yalnız koronavirusla mübarizənin tələblərinə uyğun şəkildə aparılması qeyd edilir.
Ölkəmizdə də film həvəskarları kinoteatrların fəaliyyətinin bərpa olunacağı günü səbirsizliklə gözləyir. Mayın 18-dən etibarən ölkəmizdə muzey və sərgi zallarının işi bərpa edilsə də, kinoteatrların nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil. “CinemaPlus”, “Park Cinema” və Nizami Kino Mərkəzindən bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini gözlədiklərini bildirdilər.
Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova dedi ki, kinoteatrların işinin bərpası ilə bağlı heç bir təklif irəli sürülməyib: “Əslində, kinoteatrlar onsuz da yay aylarında tamaşaçı sarıdan bir az qıtlıq yaşayırlar. Əgər fəaliyyətimiz bərpa edilsə idi, iyun ayının sonuna kimi normal iş planımız olacaqdı. Sonrakı aylarda kinoteatr işləsə də, sentyabra kimi tamaşaçı azlığı müşahidə ediləcək. Düşünürəm ki, restoran və muzeylərin fəaliyyəti bərpa edilibsə, bizim də qarşıya qoyulan tələblərə əməl etməklə fəaliyyətimizi reallaşdırmaq imkanımız var. Tamaşaçılar arasında sosial məsafəni təmin etmək, biletləri bu qaydalara uyğun olaraq oturacaqlar arasında məsafəni nəzərə almaqla satmaq mümkündür. Hər halda biz Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarı gözləyirik”.
LALƏ