Firidun Köçərli adına Respublika Uşaq Kitabxanası və “İdrak” liseyi filologiya elmləri doktoru, professor, uşaqların sevimli yazarı Zahid Xəlil ilə onlayn görüş təşkil edib.

Görüşdə liseyin müəlliməsi Samirə Nəbiyeva bildirib ki, Zahid Xəlilin bədii yaradıcılığının əsas hissəsini uşaqlar üçün yazdığı əsərlər təşkil edir. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları”,  digər şeir və nağıllar bu yaradıcılığın bəhrəsidir. Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.

Onlayn görüş çərçivəsində müəllif və şagirdlər arasında “Ballıca” əsəri geniş müzakirə edilib.

Görüşə qatılan Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova kitabxananın onlayn xidmət imkanları barədə danışıb, Zahid Xəlilin yaradıcılığından söz açıb. Bildirib ki, Zahid Xəlil uşaq psixologiyasını yaxşı bilən yazardır. O, 13 il Respublika Uşaq Kitabxanasından aylıq “Çıraq” verilişinin aparıcısı olub, bir çox şair və yazıçılarımızın yaradıcılığı ilə uşaqları yaxından tanış edib. Həmçinin 2011-ci ildən Respublika Uşaq Kitabxanasının həyata keçirtdiyi “Uşaq kitab karvanı” layihəsində yaxından iştirak edib, bölgələrdə oxucularla görüşüb.

Sonra Zahid Xəlil uşaqlarla maraqlı diskussiyalar aparıb, onların suallarını cavablandırıb. Liseyin 4a sinif şagirdləri öz maraqlı sualları ilə yazıçıda xoş təəssürat yaradıblar.