UNESCO-nun siyahılarında qeyri-maddi mədəni irs nümunələrimizin sayı 23-ə çatıb
Xəbər verdiyimiz kimi, 4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyası keçirilir.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyada təşkilatın qeyri-maddi mədəni irs üzrə müvafiq siyahılarına təqdim edilən yeni elementlər də nəzərdən keçirilir.
Dekabrın 6-da Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Reprezentativ siyahıya salınan nominasiyalardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı”, digər ikisi isə “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə, Özbəkistan), “İftar və onunla bağlı sosial-mədəni ənənələr” (Azərbaycan, İran, Türkiyə, Özbəkistan) çoxmillətli fayllarıdır.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair müvafiq qərar elan edilib.
Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyər nümunələrini dəstəklədiklərinə görə təşəkkür edib. Daimi nümayəndə eyni zamanda faylların hazırlanmasında iştirak edən ölkələrə də öz minnətdarlığını bildirib.
Adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Milli Komissiya, eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilib.
Bununla UNESCO siyahılarında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı elementlərin sayı 23-ə çatıb. Onlardan 21-i Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında, 2-si isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısındadır.
Xatırladaq ki, ötən il Mərakeşin paytaxtı Rabatda keçirilən UNESCO Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında da Azərbaycanla bağlı 4 qeyri-maddi mədəni irs elementi təşkilatın reprezentativ siyahısına salınmışdı. Bunlar Azərbaycanın pəhləvanlıq sənəti ilə bağlı milli nominasiyası və ölkəmizin iştirakı ilə təqdim olunan daha üç nominasiya (çay mədəniyyəti, Molla Nəsrəddin lətifələri və baramaçılıq-ipəkçilik sənəti) idi.
Azərbaycanla yanaşı qardaş Türkiyə də dünyanın mədəni irs xəzinəsinin zənginləşməsinə töhfələr verir. UNESCO Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Türkiyənin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarındakı nümunələrinin sayı 30-a çatıb. Ötən il bu rəqəm 25 idi.
Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir: “Türkiyənin koordinatorluğu ilə Azərbaycan, İran, Özbəkistan və Tacikistanla birgə təqdim olunan “Təzhib sənəti”, İranın koordinatorluğu ilə Türkiyə, Azərbaycan və Özbəkistan ilə birgə hazırlanan “İftar və onunla bağlı sosial-mədəni ənənələr”, Azərbaycanın koordinatorluğu altında Türkiyə ilə birlikdə təqdim edilən “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və Türkiyənin koordinatorluğu ilə Azərbaycanla birgə təqdim olunan “Sədəf sənəti” başlıqlı çoxmillətli nominasiyalar üzrə namizədlik nümunələri Botsvananın Kasane şəhərində keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında UNESCO-nun çoxmillətli nominasiyalar üzrə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib”.
Əlavə edək ki, sessiyada Türkiyənin təqdim etdiyi “Zeytun yetişdirilməsi ilə bağlı ənənəvi biliklər, üsullar və təcrübələr” nominasiyası Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
UNESCO-da qeydə alınan qeyri-maddi mədəni irs elementlərinin sayına görə birinci yerdə yenə Çin Xalq Respublikasıdır – 43 nümunə. Yeri gəlmişkən, bu il Çin tərəfdən yeni element təqdim edilməyib. İkinci sırada isə, qeyd etdiyimiz kimi 30 elementlə Türkiyədir.
Ötən il ikinci (26 element) olan Fransa bu il siyahıya daha 2 nominasiya əlavə etsə də (cəmi 28 element), üçüncü yerə keçib.
UNESCO sıralamasında dördüncü yerdə 25 elementlə İspaniya, beşinci yerdə 24 elementlə qonşu İrandır. Azərbaycan isə 23 elementlə altıncı sıradadır.
Qeyd edək ki, UNESCO Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında müvafiq siyahılara ümumilikdə 55 element daxil edilib. O cümlədən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına 45 nominasiya, Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına 6 nominasiya, bizim üçün hələlik yeni olan Bəşəriyyətin Ən Yaxşı Mühafizə Təcrübəsi Reyestrinə (Humanity Register of Good Safeguarding Practices) isə 4 nominasiya salınıb.
Xatırladaq ki, ötən il UNESCO siyahıları ümumilikdə 48 elementlə zənginləşmişdi.
Bu il reprezentativ siyahıya salınan nümunələr arasında Türkmənistanın “Axaltəkə atçılıq sənəti və atların bəzədilməsi ənənələri”, “Özbəkistanda keramika sənəti”, Qırğızıstanın “Eleçek, qırğız qadın baş geyimləri: ənənəvi biliklər və rituallar”, eləcə də bədnam qonşumuzun “Gümrüdə dəmirçilik ənənəsi” elementləri də var.
Hazırda UNESCO-nun müvafiq siyahılarında 145 ölkənin ümumilikdə 730 irs elementi var. Müqayisə üçün deyək ki, 2022-ci ildə bu statistika 140 ölkə və 678 element idi.
V.Orxan