Latviya, Estoniya və Litva xarici sərhədlərini bağlı saxlayaraq öz aralarında daxili sərhədləri açmağa qərar veriblər. Üç respublikaya digər ölkələrdən gələnlər iki həftə məcburi karantin rejimində qalmalı olacaqlar.
“Estoniya, Latviya və Litva Avropada “kiçik Şengen zonası” − daxili sərhədi olmayan zona yaradıb. Bu gündən etibarən hamımız – Baltikyanı ölkələrin əhalisi epidemioloji qaydalara riayət edərək dövlətlərimiz arasındakı sərhədi keçməkdə azadıq”, – deyə Latviya Prezidenti Eqils Leviç söyləyib.
Latviya “AirBaltic” aviaşirkəti hökumətin Baltikyanı ölkələr arasında sərnişindaşımaya icazə verməsi qərarından və bütün lazımi icazələrin alınmasından sonra Riqadan Tallin və Vilnüs istiqamətində gündəlik birbaşa uçuşları bərpa edib.
“Sərnişinlərimizin, əməkdaşlarımızın, cəmiyyətimizin sağlamlığı və təhlükəsizliyi hər şeydən üstündür. Yeni uçuşlarımız məsul qurumların tövsiyələrinə əsasən həyata keçiriləcək. Bununla yanaşı, bir sıra digər təhlükəsizlik tədbirləri üçün təlimatlar hazırlamağa davam edirik”, - deyə aviaşirkətin rəhbəri Martin Qauss bildirib.
Litva hökuməti kütləvi tədbirlərin yenidən bərpasının mümkünlüyünü də müzakirə edir. Lakin ölkənin Səhiyyə naziri Aureliyus Veriqa həmin tədbirlərdə maksimum 100 nəfərin iştirak edə biləcəyini söyləyib. Hökumət ölkədə epidemioloji vəziyyətin nisbətən yaxşılaşdığı təqdirdə tədbirlərin, konsertlərin, tamaşaların yenidən bərpasına cədvəl üzrə icazə verməyi nəzərdən keçirmək niyyətindədir.