Şəki Dövlət Dram Teatrı da pandemiya dövrü reallıqlarını nəzərə alaraq fəaliyyətini davam etdirir. Sənət ocağının yaradıcı heyəti onlayn formatda tamaşa nümayişini bu günlər daha da genişləndirib. Teatrın saytı və müvafiq sosial şəbəkə ünvanları vasitəsilə rəngarəng repertuar təqdim olunur.

Teatrın ədəbi-dram hissə müdiri Sevda Rəsulqızı təkcə aprel ayında sosial şəbəkələr vasitəsilə onlayn qaydada yayımladıqları tamaşaların yüzlərlə izləyicisi olduğunu dedi. Tamaşaların videonümayişinin texniki baxımdan yüksək səviyyədə olduğunu əlavə edən teatr təmsilçisi “ARB Şəki” və Azərbaycan Televiziyasının teatrla əməkdaşlığı sayəsində səhnə nümunələrinin peşəkar səviyyədə lentə alındığını da bildirdi: “Yaradıcı heyət virus yayılmamışdan əvvəl məşqlərinə başlanılan və məlum səbəblərdən təxirə salınan Xaqani Əliyevin “Çələbi xana Qızıl qaya xəyanəti” (rejissor Orxan Həmidli) və Sabit Rəhmanın “Yalan” (rejissor Hüseyn Hüseynli)  tamaşalarının  hazırlıq prosesini davam etdirir”. 

Təbii ki, pandemiya teatrın yaradıcılıq planına da təsir edib: “Mövcud vəziyyət səbəbindən builki repertuarda qismən dəyişiklik etdik. Əbdürrəhim bəy Haqverdiyevin kütləvi səhnələrə malik “Ağa Məhəmməd şah Qacar” əsəri daha azsaylı aktyor heyətinə malik Stanislav Stratiyevin “Avtobus” komediyası ilə (rejissor Mirbala Səlimli), Nazim Hikmətin “Kor padşahın nağılı” pyesi isə Jan Koktonun “İnsan səsi” (rejissor Əlisahib Cəlilov) monopyesi ilə əvəz olunub. Hazırda bu iki tamaşanın da onlayn məşqləri gedir”. 

Həmsöhbətimizdən hər zaman teatrallığı və tələbkarlığı ilə seçilən şəkili tamaşaçıların adət etmədiyimiz bu formata – onlayn tamaşa nümayişinə necə reaksiya verdiklərini də xəbər aldıq: “Əslində, bütün teatrlar üçün yeni olan bu təcrübə onu göstərdi ki, tamaşaçılar teatr salonlarında nümayiş olunan tamaşalar qədər onlayn tamaşalara da maraq göstərirlər. Hətta teatrımızın səhifələrində onlara bu şansı verdiyimiz üçün kifayət qədər minnətdarlıq məktubları, mesajları da alırıq. Bunlardan əlavə, teatrımızla bağlı xəbərlər və aktyorlarımızın şəxsi təşəbbüsü ilə hazırlanan qısa videoçarxlar da tamaşaçılar tərəfindən maraqla qarşılanır”.

H.NİZAMİQIZI