Azərbaycan

20 may 1883 – Xalq artisti, vokalçı Konstantin Lvoviç Knijnikov (1883-1952) anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb,  Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

20 may 1888 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 9.7.1835 – 1888) vəfat edib. Doğma şəhəri Şamaxıda dəfn olunub.

20 may 1884 – Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. “Molla Nəsrəddin” jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

20 may 1907 – Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (1907 – 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Ögey ana”) çəkilib.

20 may 1920 – Tanınmış filosof, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov (1920-1984) Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub.

20 may 1923 – Dramaturq, publisist Rauf Əbdülbaqi oğlu İsmayılov (1923-1980) Bakıda doğulub. “İkinci ailə”, “Son məktub” pyesləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.

20 may 1929 – Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929-2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.

20 may 1940 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (1940-2012) Füzuli rayonunda anadan olub. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.

 

21 may 1922 – Şairə, dramaturq Cahan Hüseyn qızı Əfruz (Dilanova; 1922-1984) Tovuz rayonunda doğulub.

 

22 may 1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.

22 may 1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, teatrşünas, professor, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1985) Şuşada doğulub. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. “Onu bağışlamaq olarmı?” filmində çəkilib. 

22 may 1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928 – 10.3.2000) Bakıda anadan olub. Yaradıcılığında portret janrı və mənzərə əsərləri xüsusi yer tutur. Əsərləri Tretyakov qalereyasında (Moskva), MDB ölkələrinin muzeylərində saxlanılır.

22 may 1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. Filmlərə (“Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim”) musiqi yazıb.

 

Dünya

 

20 may 1799 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 – 18.8.1850) anadan olub. “Bəşəri komediya” silsiləsindən romanların müəllifidir.

20 may 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

20 may 1882 – Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset; 1882-1949) anadan olub. “Kristin, Lavransın qızı”, “Ulav və onun uşaqları” və s. tarixi romanların müəllifidir.

20 may 1923 – Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 – 13.7.2014) anadan olub.

 

21 may Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günüdür (World Day for Cultural Diversity for Dialogue and Development). BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.

 

21 may 1471 – Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer; 1471-1528) anadan olub.

21 may 1906 – SSRİ Xalq artisti, rejissor, aktyor Sergey Gerasimov (1906-1985) anadan olub.

 

22 may 1813 – Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner; 1813-1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya).

22 may 1859 – İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 1859-1930) anadan olub.

22 may 1891 – Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 – 11.10.1958) anadan olub.

Hazırladı:  Vüqar ORXAN