Prezident İlham Əliyev iyunun 2-də Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ölkəmizdə mövcud olan mədəni müxtəliflik və yüksək tolerantlıq mühiti əsrlərdən bəri burada ayrı-ayrı xalqların, fərqli konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yanaşı yaşamasının bariz nümunəsidir. Cəmiyyətdə qarşılıqlı mənəvi zənginləşmə üçün möhkəm bünövrə rolunu oynayan etnik-dini rəngarəngliyin qorunub saxlanması müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

Sərəncama əsasən, Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu və Bakı şəhəri Dağ yəhudiləri dini icmasının hər birinə 350 min, Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumu və Alban-Udi xristian dini icmasının hər birinə 150 min, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb.