Sosial məsafəyə riayət, eyni zamanda tamaşaçı sayı üçün limit, eksponatlarla təmasın minimuma endirilməsi

Məlum olduğu kimi, ölkələr koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimlərini mərhələli şəkildə yumşaldır, həyatın normallaşması üçün tədbirlər görürlər. Bu qorxunc xəstəlikdən az itkilərlə çıxmağa çalışan Azərbaycanda da müxtəlif sahələrdə fəaliyyətin bərpası üçün addımlar atılır.

Bütün dünya üzrə pandemiyanın ciddi zərər vurduğu mədəniyyət sahəsində ilk olaraq  muzey və qalereyalar təcrid rejimindən çıxmağa başlayıblar. Çünki teatrlar, konsert zalları, kino mərkəzləri kimi kütləvi nümayiş məkanlarından fərqli olaraq, muzey ekspozisiyaları, tarix-mədəniyyət abidələri, sərgi salonları pandemiyadan öncəki adi vaxtlarda da elə böyük ziyarətçi sayı ilə üzləşməyib.

Bu yerlərə insanlar həmişə kiçik qruplar halında baş çəkiblər. İndi isə bu məkanlara giriş sosial məsafəyə riayət, eyni zamanda ziyarətçi sayı üçün müəyyən limit kimi zəruri məhdudiyyətlərlə müşayiət olunur və bu, karantindən tədricən çıxan dünyanın hər bir ölkəsində belədir.

Ölkəmizdə mayın 18-dən etibarən muzey və sərgi zallarının işi bərpa edilsə də, bu mədəniyyət ocaqları öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri əsasında qururlar.

28 May – Respublika Günü və Ramazan bayramı münasibətilə 25-28 may tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri elan edilmişdi.

Biz də bayram tətili zamanı bir neçə muzeyi ziyarət etdik, bəziləri ilə əlaqə saxlayıb karantindən sonra yeni şərtlər altında onların fəaliyyəti ilə maraqlandıq.

İlk olaraq Muzey Mərkəzində yerləşən Azərbaycan İstiqlal Muzeyinə üz tutduq. Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli qeyd etdi ki, karantin dövründə müəyyən olunmuş qrafik üzrə gün ərzində bir neçə dəfə muzeydə təmizlik işləri aparılır. Qeyri-iş günündə muzeyin ərazisi dezinfeksiya olunub.

Müsahibim bildirdi ki, Respublika Günü ilə bağlı muzeydə “Cümhuriyyət həftəsi” elan olunub. “Açıq qapı” günlərində muzeyi 450-yə yaxın insan ziyarət edib: “Muzeyi ziyarət edənlər arasında sosial məsafənin saxlanılmasına riayət olnub. Döşəmədə bu məsafə xüsusi işarələrlə göstərilib. Həmçinin girişdə antiseptik əl gelləri qoyulub. Muzeyə daxil olarkən mütləq maskadan istifadə edilməlidir”.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyində də əlamətdar gün münasibətilə “açıq qapı” aksiyası elan olunmuşdu. Bu məkanlarda da ziyarətçilərin sanitar-gigiyenik qaydalara əməl olunmaqla ekspozisiyalarla tanışlığına şərait yaradılıb.

Azərbaycan Milli Xalça Muzeyindən isə bildirdilər ki, “açıq qapı” günlərində ziyarətçilər pulsuz olaraq muzeyin bütün ekspozisiyaları ilə tanış olmaq imkanı qazanıblar. Ziyarətçilər üçün muzey ərazisində maarifləndirici lövhələr yerləşdirilib. Həmçinin zallarda qonaqların sayı tənzimlənib. Ziyarətçilərin hərəkətini istiqamətləndirən xüsusi lövhələr quraşdırılıb. Əllə toxunulmalı olan əşyaların sayı minimuma endirilib.

Muzey əməkdaşının sözlərinə görə, tez-tez əl vurulan səthlər (lift düymələri, eskalatorun tutacaqları və s.) gün ərzində bir neçə dəfə dezinfeksiya olunur. Bundan əlavə, koronavirusa yoluxma riski yüksək olan insanlar üçün ayrıca ziyarət saatları müəyyən edilib. 10 nəfərdən çox olan qrupların ekspozisiyaya daxil olması qadağan olunub.

NURƏDDİN