Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun moderatorluğu ilə gerçəkləşən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Cümhuriyyət qurucularının varisləri – AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi, Türkiyədə yaşayan tanınmış dirijor Ramiz Məlikaslanov, AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi, ABŞ-dakı Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri, AXC-nin ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin qohumu, Bursada yaşayan İlhami Əsgəran, istiqlal şairi Əhməd Cavadın nəvəsi, İsraildə yaşayan Yaqut Abdullayeva, Gürcüstan, ABŞ, Almaniya, Rusiya, İsveçrə və Türkiyədəki diaspor təmsilçilərimiz iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 102 il əvvəl müsəlman Şərqində ilk demokratik dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən Cümhuriyyət qurucularının varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Böyük dövlət xadimi Heydər Əliyevin daim Cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə xüsusi önəm verdiyini xatırladan komitə sədri bildirib ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. 2018-ci ildə AXC-nin 100 illiyi münasibətilə ölkədə “Cümhuriyyət ili” elan edilməsi, yubileyin ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd olunması bir daha yada salınıb.
Sonra akademik Rafael Hüseynov 1918-1920-ci illərə tarixi ekskurs edib, Cümhuriyyət qurucularının fəaliyyəti, parlamentin formalaşması və qısa müddət ərzində qəbul edilən qanunlar, elm, təhsil və s. sahələrdə görülən işlər barədə ətraflı məlumat verib. Moderator qeyd edib ki, Cümhuriyyət qurucuları elə böyük şəxsiyyətlərdir ki, onları bu gün bizim hər birimiz, eləcə də gələcək nəsillər həmişə minnətdarlıqla, dərin sevgi hissi ilə yada salmalıyıq: “Onların qurduqları Cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir”.
R.Hüseynov onu da diqqətə çatdırıb ki, 1918-ci ildə Bakının azad edilməsindən sonra Gəncədən buraya köçən Azərbaycan hökumətinin iş və yaşama yeri ovaxtkı “Metropol” mehmanxanası, indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olub. Elə buna görə də qurucu babaların şərəfinə indi muzeyin böyük zalı “İstiqlal zalı” adlanır, ilk parlamentimizin sədri olmuş Əlimərdan bəy Topçubaşovun Parisdən gətirilmiş məzar daşı burada saxlanılır və onların xatirəsi muzeydə hər gün canlıdır.
Sonra Şeyxzamanlılar nəslinin nümayəndəsi Tomris Azəriyə söz verilib. T.Azəri Cümhuriyyətin əhəmiyyətindən danışmaqla yanaşı, atası və əmisi ilə bağlı xatirələrini bölüşüb, valideynlərinin onları uşaqlıq çağlarından azərbaycançı ruhda tərbiyə etdiklərini vurğulayıb.
Müzakirələr zamanı Azərbaycan diasporunun milli düşüncədən uzaq olmaması, azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, əqidə ortaqlığı, Vətənə gözəl münasibəti barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq, məhz ortaq düşüncə ətrafında birləşmələri, taleyüklü məsələlərdə eyni fikrə sahib olmaları Azərbaycan dövlətinin dayaqlarını daha da gücləndirə bilər.
Tədbir iştirakçıları Cümhuriyyət qurucularının fəaliyyəti, Azərbaycanın dünyadakı mövqeyi, Qarabağ uğrunda aparılan mübarizə, ərazi bütövlüyümüzün təmin olunması, dünya azərbaycanlılarının birləşməsində, diasporun təşkilatlanmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan diaspor siyasətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin yeni müstəvidə inkişaf etməsi istiqamətində fəaliyyətindən danışıblar.
Müzakirələri yekunlaşdıran akademik Rafael Hüseynov 101 il öncə, 1919-cu ilin 28 mayında Cümhuriyyətin 1 yaşı qeyd olunarkən Baş Nazir Nəsib bəy Yusifbəylinin söylədiyi “Biz Cümhuriyyətimizin ikinci ilinə millətimizin ittihad və ittifaqı ümidi ilə qədəm basırıq” sözlərini xatırlayaraq dünya boyu səpələnmiş həmvətənlərimizi istiqlalımız və müstəqilliyimizin daha da sarsılmaz olması naminə əvvəlki zamanlardan daha artıq birliyə, həmrəyliyə çağırıb.