Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının onlayn iclası keçirilib.
Vebinarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Monqolustan, habelə Rusiya Federasiyasının Altay, Başqırdıstan və Tatarıstan universitetlərindən rektorlar, dilçilik institutları və türkologiya kafedralarının rəhbərləri iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralinin moderatorluğu ilə təşkil olunan iclasda mütəxəssislər müasir təhsil prosesində türkologiyanın yeri, türkologiya kafedralarının hazırkı vəziyyəti, problemləri və uğurları barədə fikir mübadiləsi aparıblar. Türkoloqlar arasında əlaqələri gücləndirmək, türkologiyanın müasir trendlərə uyğun olaraq genişləndirilməsi, türkoloji tədqiqatlara tarix, ədəbiyyat, coğrafiya, texnologiya sahəsində mütəxəssislərin də cəlb olunmasının zəruriliyinə diqqət çəkilib.
SCOPUS bazasına daxil olan dünya səviyyəli jurnalların nəşri, rəqəmsal texnologiyaların zəngin potensialından istifadə edərək məsafədən təhsil, elektron jurnal və kitabların çapı məsələləri də nəzərdən keçirilib. Habelə birgə kurikulumların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər türkologiya sahəsində vacib məsələlər üzrə birgə tədqiqat layihələri həyata keçirmək, mütəmadi olaraq onlayn seminar və mühazirələr, həmçinin tələbələrin təcrübə mübadiləsi üçün yay düşərgələrinin təşkili barədə razılığa gəliblər.
Xatırladaq ki, 2020-ci ilin yanvarında Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Təhsil və Elm nazirlərinin iştirakı ilə Bakı şəhərində keçirilən III iclasında ali məktəblərin türkologiya kafedralarının fəaliyyətinin əlaqələndirilməsi qərara alınmışdı.