Milli kino tariximizi əks etdirən fotosərgi maraqla qarşılanır

Xəbər verdiyimiz kimi, iyulun 15-də metronun “Gənclik” stansiyasının keçidlərində “Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun dəstəyi ilə “Metro Gallery” layihəsi çərçivəsində “Azərbaycan kinosu” adlı sərgi açılıb.

“Lenovo” şirkətinin sponsorluğu ilə keçirilən sərgi 2 avqust - Azərbaycan Kinosu Gününə həsr olunub. Sərgidə 78 filmdən 92 kadr və kadrarxası maraqlı fotolar nümayiş olunur. Layihə 6 ay paytaxt sakinləri və şəhərimizin qonaqlarının ixtiyarında olacaq.
Biz də sərgi ilə tanış olub reportaj hazırlamaq istədik. Metroya daxil olan və metrodan çıxan sərnişinlər - kimi ötəri, kimi də ayaq saxlayaraq - fotosərgiyə baxırlar. Bu arada metro keçidindəki polislər əlimizdə fotoaparatı görüb metropolitendə çəkilişə icazə verilmədiyini diqqətə çatdırırlar. Lakin biz təkcə sərgini çəkəcəyimizi bildirir və onların razılığını alırıq...
Gənc, yaşlı, tələbə, müəllim, iqtisadçı, xoreoqraf - müxtəlif təbəqədən insanların sərgiyə münasibəti də fərqlidir. Ayaq saxlayıb kinolardan kadrlara diqqətlə baxan sərnişinlərə yaxınlaşıb fikirlərini öyrənirik.
İlk olaraq sərgini maraqla seyr edən ailəyə yaxınlaşıram. Nuriyevlər ailəsinin başçısı Elnur bəy ixtisasca iqtisadçı olduğunu deyir və Azərbaycan filmlərindən kadrların geniş ictimaiyyətə təqdim edilməsini razılıqla qarşılayır. Bildirir ki, maraqlı layihə nəticəsində çoxdandır unutduğu filmləri xatırlayır və boş vaxtında həmin filmləri izləməyi düşünür.
Xoreoqraf Tamilla xanım ilk dəfədir belə bir sərgi ilə rastlaşdığını bildirir. Deyir ki, dünən buradan keçərkən sərgini gördüm və evə qayıdıb oğlumu da gətirdim ki, o da baxıb filmlərimizlə maraqlansın. Çünki fotolarda məlumatlar da yer alıb və insanların filmlər haqqında ətraflı öyrənmək imkanları var. Həmsöhbətim bizdən sərginin təşkilatçıları barədə məlumat aldıqdan sonra layihəni gerçəkləşdirən insanlara qəzetimiz vasitəsilə təşəkkürünü bildirməyi də unutmadı. Qeyd etdi ki, bu cür sərgilər təkcə metroda deyil, şəhərin müxtəlif istirahət parklarında və guşələrində yaradılsa, gənc nəsil daha çox maariflənər.
Almaniyada yaşayan həmvətənimiz Ayxan Əsədov da Bakı metrosunda belə bir layihəni müsbət qarşıladığını deyir. Vaxtilə incəsənət sahəsində fəaliyyət göstərdiyini, Almaniyaya gedəndən sonra biznes sahəsində çalışdığını deyir, kinomuzun bu şəkildə təbliğindən məmnunluğunu ifadə edir: “Ötən illərin filmlərinin fotolardan boylanan kadrları insanda nostalji hisslər yaradır. Bu fotolarda korifey sənətkarlarımız yaşayır. Bu layihə həm də onları tanıdır, xatırladır, yaşadır”.
Daha bir müsahibimiz Elnur ADA Universitetinin tələbəsidir. O, sərgiyə ən çox vaxt ayıranlardan biri idi. Hər fotoya diqqətlə baxırdı. Söhbətimiz zamanı milli filmlərimizi çox sevdiyini, fotoları da maraqla qarşıladığını vurğuladı: “Sərgi həm də milli kinomuzun təbliğidir. Son illərdə lentə alınan filmlərdən də kadrları görmək istəyərdim. Bununla da gənclərdə kinoya marağı artırmaq mümkündür”.
Bir saata yaxın müddətdə sərgi ərazisində olduq və insanların sərgiyə böyük maraq göstərdiyini gördük.
Xatırladaq ki, “Gənclik” stansiyasındakı bu sərgi ilk təşəbbüs deyil. Ötən ilin iyulunda da burada fotoəsərlərdən ibarət sərgi paytaxt sakinlərinin ixtiyarına verilmişdi. Həmin layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi “İlin fotoqrafı” müsabiqəsində qalib olan fotolar sərgilənmişdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar