İyunun 10-dan 12-dək Avropa Teatr Konvensiyasının (ETC) təşkilatçılığı ilə beynəlxalq onlayn konfrans keçiriləcək. Onlayn konfransa Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsanət xadimi Əliqismət Lalayev və teatrın əməkdaşı, teatr tənqidçisi Emin Əliyev də qatılacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının əməkdaşları bu ilin fevral ayında Avstriyanın Qraz şəhərində keçiriləcək “Yeni yazılar” adlı beynəlxalq konfransa da dəvət almışdılar, lakin pandemiya səbəbindən konfrans gələn ilə təxirə salındı.
Konfransın proqramında sənət mübadiləsi, panel müzakirəsi, vebinar və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra görüşlər nəzərdə tutulub.
Avropa Teatr Konvensiyası Avropanın ən böyük teatr təşkilatlarından biridir, ildə iki dəfə genişmiqyaslı elmi konfrans təşkil edir.