Məncə, ekranda səhnə daha paradoksaldır. İstər teatrı gündəlik mənəvi qidası sayıb onun tamaşa salonunda məskən salanlar, istərsə də elə həndəvərində gəzib-dolaşıb, görkəmli binası qarşısında şəkil çəkdirəcək qədər ona uzaq-yaxın olanlar üçün.
Amma nə etmək olar?! Zərurətin doğurduğu məhkumiyyət (pandemiya karantini) teatr təmsilçilərinin ara-sıra say seyrəkliyindən gileyləndikləri tamaşaçını ondan bir az da uzaq saldı. Bu vəziyyətdə istər maddi, istərsə də mənəvi aspektdən teatr da, tamaşaçı da çox şey itirir.
Lakin bir çox teatr mütəxəssislərinin gəldikləri bu bədbin qənaətə qapılmayanlar da var. Onların fikrincə, teatr öz qapalı məkan anlayışını darmadağın etməklə dünyaya, elektron arenaya inteqrasiya edir. Deməli, bütün hallarda yenə də o qazanır. Bu məntiqə əsaslansaq, pandemiya və karantinin gündəmə gətirdiyi virtual nümayişlər, ümumilikdə internet müstəvisi tamaşaçını teatra həm də yaxınlaşdırır. Ki çağdaş insan qidasından səyahətinə bütün apar-gətirlərini internetə həvalə edibsə, teatrı niyə smatfonuna “daşımasın”?
Dünyada bilmirəm, amma bizim məhdud teatr dairəmizdə onlayn nümayiş, səhnənin ekrana (formatın önəmi yoxdur) köçməsi qəfil, daha doğrusu, kortəbii oldu. Elə buna görə də müəyyən texniki və yaradıcı qüsurlar özünü göstərdi. Hər halda, dünya pandemiya ilə savaşır və bu mübarizədə hələ ki qalib deyil. Deməli, ya onunla yaşamağı bacarmalıyıq, ya da ona qalib gəlməliyik.
Bütün bunlara rəğmən yola saldığımız üçaylıq “pandemiya səhnəsi”ndən hasil olan nəticə deməyə əsas verir ki, teatrlarımız istər retro tamaşalarının videoyazılarının sosial şəbəkələr üzərindən nümayişində, istərsə də repertuar siyasətinin tənzimlənməsində sürətli təcrübə keçirlər. Düzdür, bu tendensiyada sırf retro tamaşalar və onların texniki baxımdan keyfiyyətsiz videoyazıları ilə işini bitmiş sayanlar da az olmadı. Amma əksər hallarda biz texniki göstəriciləri müvafiq standartlara cavab verən, formatı ilə üst-üstə düşən yeni videoyazılar, hətta sırf onlayn formatın parametrlərinə görə oynanılan tamaşalar da görürük. Sevindirici haldır ki, mayın sonlarından prosesdən geri qalan daha bir neçə teatr da, açıq rəqabətdə tamaşaçı itkisini gözə almayaraq, onlayn formatda nümayişə başladı. Beləliklə, üçüncü zəng onlar üçün də çalındı.
Qalır havada virusa daha tez yoluxmanın mümkün payını nəzərə alan tamaşaçıların teatr təmsilçilərinin düşünülmüş repertuar siyasətini rahat ev şəraitində dəyərləndirmələri.
İlk olaraq Akademik Milli Dram Teatrının iyun ayı üçün repertuarına nəzər salaq. Uşaqlar üçün hazırladıqları “Çipollino” tamaşasını iyunun 1-də təqdim edən teatr 5 iyunda ağır mətləblərə səhnə yozumu olan “Vəsiyyət” ilə izləyici qarşısına çıxacaq.
Ümumilikdə iyun ayının virtual səhnəsində daha çox dramatik nümunələrə yer ayıran repertuar tərtibatçıları “Ölüləri qəbiristanlıqda basdırın”, “Şah Qacar”, “Manqurt”, “Xurşudbanu Natəvan”, “Dəli yığıncağı” kimi tamaşalarla klassik teatr ovqatı yaratmağa çalışıblar.
Teatrın repertuarında maraqlı rejissor yozumu və aktyor oyunu ilə seçilən “12-ci gecə, yaxud hər nə istəsəniz”, “Bir, iki - bizimki!”, “Biganələr oteli” və “21:15 qatarı”nı da izləyə bilərsiniz. Bunun üçün sənət ocağının “Facebook”dakı səhifəsini izləmək kifayətdir.
Akademik Musiqili Teatrın tamaşaçıları ayın ilk 10 gününü retro nümayişlərlə kifayətlənəcəklər. Yeni layihələrlə məşğul olan teatr təmsilçiləri, deyəsən, bu yolla tamaşaçıları intizarda saxlamaq istəyirlər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuar tərtibatçıları hər gün üçün virtual nümayiş hazırlayıblar. İyunun 5-dən başlayaraq “Göyçək Fatma”, “Buratinonun macəraları”, “Uzuncorab Pippi” balacaları əyləndirmək üçün növbələrini gözləyir. Psixoloji dramatik yükü ilə seçilən “Yarımçıq qalmış…”, “Mən gəldim, qızlar…”, “Bir səbət tənhalıq”, “Qoca kloun”, “Dəlinin qeydləri” də iyun repertuarında yer alıb.
Ovqatına gülüş, nostalji qatmaq istəyənlər isə “Buzovna kəndinin əhvalatları”, “İtalyansayağı xoşbəxtlik”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Xortdanın cəhənnəm məktubları”, “Pəri cadu” kimi maraqlı nümunələrin nümayiş gününü gözləsinlər.
Yuğ teatrı da yeni və köhnə ən baxımlı tamaşalarını iyun repertuarına toplayıb. Bu teatrın estetikasına uyğun və fərqli üslublu nümunələr sırasında “Müəmmalı bir qətlin üç versiyası”, “Vəsvəsə”, “Şok”, “Lənət”, “Mənəm, mən...”, “Naməlum Axundzadə” tamaşaçı menyunuza daxil olmağı gözləyir. Tamaşalar teatrın “Facebook” səhifəsində və “Youtube” kanalında yayımlanır.
Onlayn repertuar, tamaşa nümayişi prosesinə yeni qoşulan Dövlət Pantomima Teatrı da “Youtube” kanalında bir neçə tamaşasını yerləşdirməklə ekrandan mimlərlə dialoqa çalışacaq. Hələ ki “Gəldim ki, olam ğəmin hərifi” ilə tamaşaçılarını klassikaya kökləyən teatr 6-7 iyunda “Zibillik pərvanələri”ni, 13-14 iyunda “Uçuş”unu, 20-21 iyunda “Dulusçu”sunu, 27-28 iyunda isə “Eşq”ini izləyicilərlə görüşdürəcək.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da iyun ayı üçün rəngarəng repertuar tərtib edib. Bu sıraya yeni lentə köçürülmüş nümunələri də əlavə edən teatr balacaların maraq dairəsində qalmağa çalışır. Aşağı yaş qrupunda uşaqların sevimli tamaşaları olan “Turp”, rəngli nağıl dünyasının təsviri olan “Oyaq gözəl”, “Sehrli üzük”, “Nağıl haqqında nağıl” (rus dilində) və “Balaca şahzadə” izləyicilərin ixtiyarındadır. Böyük yaş qrupunda tamaşaçılar üçün “O olmasın, bu olsun”, festivallar qalibi olan “Zəng”, “Ağ və qara”, özünün sənət cazibəsini qoruyan “Dərviş Parisi partladır” iyun ayının tamaşa planında yer alıb.
Qeyd edək ki, tamaşalar teatrın “Youtube” kanalında saat 12:00-dan yayımlanır və bilavasitə canlı yayımda baxış sayının aparılması məqsədilə nümayiş bitən kimi kanaldan silinir.
Daha çox milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının iyun ayı üçün nəzərdə tutulmuş virtual repertuarına “Dan yeri söküləndə”, “Hərraca qoyulmuş sultan”, “Min möhtəşəm günəş”, “Qanlı qızıl toy”, “Məcburən doktor”, “Xilaskar”, “Qurtuluş dastanı”, “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı”, “Olacağa çarə yoxmuş” kimi müxtəlif mövzulu səhnə işləri daxil edilib.
Bakı Uşaq və Gənclər Teatrı da iyun repertuarı üzərində diqqətlə çalışıb. Bu teatrın daimi tamaşaçıları onun sosial şəbəkə ünvanlarına daxil olmaqla iyunun 6-dan başlayaraq “Ağlayan, gülən dələ”, “Ağıllı tülkü”, “Şrek və dostları” kimi səhnə işlərini izləyə biləcəklər. Mütəmadi sosial şəbəkə hesablarından canlı yayımlar edən teatr təmsilçiləri iyunda da bu prinsipi pozmayıblar. 12, 15, 19 və 26 iyun tarixlərində (saat 12:00) teatrdan canlı yayımlar, tədbirlər təqdim olunacaq.
Sumqayıt Dövlət Dram Teatrının retro tamaşalarından ibarət aylıq repertuarı da rəngarəngdir. Bunun üçün teatrın “Facebook” səhifəsinə daxil olmaq kifayətdir.
Ümumilikdə teatrlar özlərinin potensial tamaşaçı axtarışlarını davam etdirməkdədir. Təbii ki, bu işi teatr marketinqi prinsiplərinə uyğun quranlar da var, sadəcə tamaşaçının yadında qalıb baxış sayını hesablayanlar da. Olsun, əsas odur ki, sonda teatr, sənət qazansın...
Həmidə NİZAMİQIZI