Görkəmli yazıçı-dramaturq, maarifçi və dövlət xadimi Nəriman Nərimanov (1870-1925) Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamış şəxsiyyətlərdəndir. O, aktiv siyasi fəaliyyətə başlamamışdan əvvəl bədii yaradıcılıqla yanaşı, geniş maarifçilik işi aparıb. Dövlət başçısının sərəncamı ilə bu il 150 illik yubileyi qeyd olunan ədibin kitabxana və nəşriyyat işi sahəsində fəaliyyətinə nəzər salacağıq.

Nəriman Nərimanov məqalələrinin birində yazırdı: “Kitabxana və kitab elm və mədəniyyət aləminin qapısı, bilik xəzinəsi, həyat müəllimidir. Kitab öz oxucusunun sədaqətli dostu, ağıllı məsləhətçisidir. Kitab insanın həyatını zinətləndirən və mənalandıran, bəşəriyyətin əldə etmiş olduğu bilik sərvətlərini mənimsəməkdə ona kömək edən ən faydalı vasitələrdən biridir”.

 

Birinci qiraətxana

1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirən N.Nərimanov Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd məktəbinə müəllim göndərilmişdi. Bir il sonra Bakıya gəlmiş, əvvəlcə burada realnı məktəbin müəllimi A.İ.Pobedonostsev tərəfindən təşkil edilən 6 sinifli progimnaziyada, xüsusi məktəbdə, sonra isə Bakı Oğlanlar gimnaziyasında müəllimlik etmişdi.

Müəllim işlədiyi dövrdə xalqın zülm və əsarət altında yaşadığını görən Nərimanov xilas yolunu mədəniyyət və maarifdə görür, bu işdə kitabxanaların təşkilinə xüsusi əhəmiyyət verirdi. O, maddi vəsait olmadan ciddi bir mədəni-maarif ocağı yaratmağın mümkün olmadığını bilirdi. Lakin ölkənin işıqlı gələcəyi naminə bu yolda real iş görmək zəruri idi. Nərimanov mütərəqqi ziyalıların dəstəyinə ümid bəsləyərək ucuz qiraətxanası olan kitabxana layihəsi tərtib edir və onun həyata keçirilməsi uğrunda mübarizəyə başlayır.

Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan araşdırmasında “Tərcüman” qəzetinin 1894-cü il 11 mart tarixli nömrəsindəki bir məlumata diqqəti çəkir. Yazıda deyilirdi: “Bakıda realnı məktəbin müəllimlərindən Nəriman Nərimanov rəsmi qiraətxana açmağa icazə aldı. Bu, müsəlmanların birinci qiraətxanası olacaqdır”.

Xalq arasında “Nərimanov qiraətxanası” kimi tanınan bu mədəniyyət ocağı 1898-ci ildə çar hökuməti tərəfindən bağlanıldı. Fəaliyyət göstərdiyi 4 il ərzində qiraətxananın 25 mindən çox oxucusu olmuşdu.

 

Mətbuat və nəşr işinin mərkəzləşdirilməsi

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müvəqqəti İnqilab Komitəsinin və Xalq Komissarları Sovetinin sədri vəzifələrində çalışan N.Nərimanov mədəni quruculuq sahəsində kitabxana və nəşriyyat şəbəkəsinin təşkilinə böyük əhəmiyyət verirdi. Mənbələrdə qeyd olunur ki, yeni məktəblərin təşkil edilməsi, yeni əlifbanın qəbulu, ixtisaslı kadrların hazırlanması kimi bütün mədəni tədbirlər nəşriyyatların genişlənməsini tələb edirdi. Həmin dövrə qədər Azərbaycanda kitab nəşri ilə məşğul olan dövlət müəssisəsi yox idi. Buna görə də Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanovun imzası ilə 1920-ci il iyunun 9-da mətbuat və dövlət nəşriyyatı şöbəsi – “Azərmərkəzimətbuat”ın yaradılması haqqında dekret verildi.

Bu dekretlə Azərbaycanda dövlət nəşriyyat fəaliyyətinin əsası qoyuldu. Dekretin birinci bəndində deyilirdi: “Bütün komissarlıqların və idarələrin, partiya və sovet təşkilatlarının nəşriyyat fəaliyyətini mərkəzləşdirmək məqsədilə Xalq Maarif Komissarlığının yanında Azərbaycan Mətbuat Şöbəsi və Dövlət Nəşriyyat – “Azərmərkəzimətbuat” təsis edilsin”.

Azərbaycanda vahid mətbuat və dövlət nəşriyyat şöbəsinin yaranması və nəşriyyat işinin vahid rəhbərlikdə birləşdirilməsi respublikada kitab nəşriyyatı işinin gələcək inkişafı üçün münbit şərait yaratdı.

***

Nərimanov ana dilinin tədrisini də diqqət mərkəzində saxlayıb. O, milli dərsliklərə olan ehtiyacı və dövrün tələblərini nəzərə alaraq 1899-cu ildə “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhfi” kitabını çap etdirib. 53 səhifədən ibarət olan dərslik öz dövrü üçün Azərbaycan dilinin öyrədilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi.

55 illik ömrünün böyük bir hissəsini Azərbaycan xalqının maariflənməsinə, ictimai mədəni həyatın inkişafına həsr edən N.Nərimanovun bu sahədə xidmətləri heç vaxt unudulmayacaq.

Nurəddin MƏMMƏDLİ