Xəbər verildiyi kimi, Almaniyada soydaşlarımızın yaratdığı “Land of Fire Orchestra” adlı  kamera orkestri Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə videoçarx hazırlayaraq sosial şəbəkələrdə yayımlayıb. Videoçarxda orkestr tərəfindən Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ifa olunub.

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə yaradılan orkestrə görkəmli bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova rəhbərlik edir. Orkestrdə onunla birlikdə 14 musiqiçi çalışır.

Kollektivin konsertmeysteri Fəridə Rüstəmova orkestrin yaradılması tarixi və onun fəaliyyəti barədə öz “Facebook” səhifəsində söhbət açıb. O yazır: “Mən Ştutqartda konsert verirdim. Tədbirə Almaniya cəmiyyətinin tanınmış nümayəndələri, siyasətçilər, ictimai xadimlər, idmançılar və başqaları dəvət edilmişdi. Qonaqlar arasında Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer də vardı. Mənim çıxışım fəxri konsulun xoşuna gəldi, konsertdən sonra biz tanış olduq. O, orkestr yaratmağı və məni konsertmeyster təyin etməyi qərara aldı.

Mən Almaniyada yaşayan və ya burada təhsil alan həmvətənlərimizə zəng vurdum və 2019-cu ilin iyun ayında bizim “Land of Fire Orchestra” (“Odlar Yurdu orkestri”) fəaliyyətə başladı. Heydər Əliyev Fondu da bu təşəbbüsü dəstəklədi. Ümumiyyətlə, Avropada yaşayan azərbaycanlı musiqiçilər çoxdur, lakin orkestrimizin bugünkü büdcəsi hələlik yalnız Almaniya hüdudlarında yaşayan həmvətənlərimizlə işləməyə imkan verir. Gələcəkdə digər Avropa ölkələrində yaşayan Azərbaycan musiqiçilərinin də bizim orkestrə cəlb edilməsi istisna olunmur”.

Fəridə xanım kamera orkestrinin heyəti barədə də məlumat verib. Orkestrə Fəridə Rüstəmova (skripka), Fərhad Mehmet (skripka), Həsən Abbasquliyev (skripka), Arzu Məmmədova (skripka), Elgün Ağazadə (skripka), İris İcellioğlu (alt), Nəriman Əkbərov (violonçel), Zeynəb Ağdil (violonçel), Tahir Turqanov (kontrabas), Timur Osmanov (fleyta), Meltem Qandəmir (alt), Feliks Knarozovski (faqot) və Fərəc Əkbərov (klarnet) daxildir.

“Biz hamımız Ştutqartda görüşdük, layihələrimizi və gələcək planlarımızı müzakirə etdik. Kollektivin konsertmeysteri mən oldum. Elə ilk məşqlərdən sonra aydın oldu ki, musiqiçilər arasında tam harmoniya var”, – deyə F.Rüstəmova yazır.

Onun sözlərinə görə, orkestrin repertuarı genişdir: “Buraya Vivaldidən başlamış Azərbaycan bəstəkarlarına qədər müxtəlif bəstəçilərin əsərləri daxildir. Biz konsertin proqramını tərtib edərkən göstərmək istəmişik ki, kollektiv həm azərbaycanlı müəlliflərin əsərlərini, həm də dünya klassikası nümunələrini ifa etməyi bacarır. Bundan əlavə, belə konsertlər xalqlar arasında mədəni mübadilə və dostluq körpülərinin möhkəmlənməsi üçün imkan yaradır. 2019-cu ilin dekabrında olan ilk konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Səid Rüstəmov və Aqşin Əlizadə kimi Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Mən babam Səid Rüstəmovun mahnılarını ilk dəfə orkestrin müşayiəti ilə skripkada ifa etdim. Avropa bəstəkarlarından Volfqanq Amadey Motsart və Lüdviq van Bethovenin əsərlərini təqdim etdik. Həmin konsertdə orkestr Bethovenin “Sevinc” odasını ifa edəndə bütün tamaşaçılar əsəri ayaq üstə dinlədilər. Alman tamaşaçılarının bu cür səmimi reaksiyasını görmək bizə çox xoş təsir bağışladı”.

F.Rüstəmova qeyd edir ki, Azərbaycanın Almaniyadakı səfirliyi də kollektivə dəstək verir: “Almaniyada yaşayan sponsorların dəstəyi ilə gələcəkdə müstəqil konsertlər təşkil etməyi planlaşdırırıq. Bundan əlavə, səfirlik və fəxri konsulluq tərəfindən təşkil edilən rəsmi tədbirlərdə bizim orkestrin iştirakı nəzərdə tutulur. Şübhəsiz, bu təşəbbüs Azərbaycan bəstəkarlarının əsərlərinin burada populyarlaşdırılmasında da mühüm rol oynayacaq”.