Dünyanın bir sıra ölkələrində karantin rejiminin qismən yumşaldılmasından sonra mədəniyyət sahəsində hələlik yalnız muzey və qalereyalar fəaliyyətə başlayıb. Mart ayından bəri bağlı olan Vatikan muzeylərinin də fəaliyyəti bərpa edilib.

Papa kolleksiyaları və dahi Mikelancelo və Rafaelin divar rəsmlərini (freskalarını) nümayiş etdirən Vatikan muzeyləri iki aydan çox sürən karantindən sonra qapılarını ziyarətçilərin üzünə açıb.

Muzeylər kompleksinin direktoru Barbara Yatta bu barədə deyib: “Bizdə yaxşı xəbər var. Muzeylərə 1600 ziyarətçinin gəlişi gözlənilir. Növbəti gün üçün isə mindən çox bilet sifariş olunub. Bilet əldə edənlərin çoxu yerli vətəndaşlar olsa da, biz hər şeydən razıyıq”.

Qeyd olunub ki, muzeylərin açılışı böyük bir bayramdır və bu münasibətlə ziyarətçilər üçün xüsusi hədiyyələr hazırlanıb. Eyni zamanda bərpadan sonra Rafael otaqlarına (stanzelərə) aid olan Konstantin zalı tamamilə açılıb. Bu, rəssamın freskalar ilə rənglədiyi papaların keçmiş ibadət otaqlarından biri sayılır.

İLONA