Təntənəli mərasimdə kino işçilərinə mükafatlar, kinosevərlərə isə yeni ekran əsəri təqdim edildi

Avqustun 2-də Nizami Kino Mərkəzində Azərbaycan kinosu günü münasibətilə təntənəli mərasim keçirildi.
Mərasimdə əvvəlcə son dövrlərdə istehsal edilən milli filmlərimiz və kino aləmində baş verən yenilikləri özündə əks etdirən videoçarx nümayiş olundu. Videoçarxda ötən dövrün film təqdimatları, kinofestivallarda qazanılan uğurlar, yubiley gecələri, tanınmış kino mütəxəssislərinin ustad dərsləri əksini tapmışdı.
Sonra günün premyerası - gənc rejissorların Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə aldıqları “40-cı paraleldə” kinoalmanaxı haqqında məlumat verildi. Bildirildi ki, almanaxa dörd qısametrajlı film daxildir.

Təbriklər və arzular

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Bildirdi ki, bu gün ölkəmizdə mədəniyyətin bütün sahələri kimi, kino sənəti də inkişaf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda da kinematoqrafiya tənəzzülə uğramaq üzrə idi. Bu gün isə keçdiyimiz çətinlikləri unuduruq. Biz daim yaxşı rejissor, ssenari axtarışındayıq, filmlərin festivallarda az uğur qazanmasından narazılıq edirik: “Amma bu işin içində olan insanlar üçün mənzərə daha fərqlidir. Əvvəlki onilliklərdən fərqli olaraq, son illərdə böyük nəticələr əldə edilib. Azərbaycan kinosunun sorağı dünyanın məşhur festivallarından gəlir. Kino mərkəzləri yenidən qurulur, kino istehsalı sənayesi müasirləşir”.
Qeyd olundu ki, bu gün "Azərbaycanfilm" kinostudiyasının nəzdində əlavə studiyalar da tam gücü ilə işləyir, özəl studiyalar fəaliyyət göstərir. Filmlərin festivallarda iştirakı, gənc rejissorlara, kino kadrlarına yaşıl işığın yanması, layihələrin ərsəyə gəlməsi - bütün bunlar Azərbaycan kinosunun uğurlarıdır.

Ədalət Vəliyev qeyd etdi ki, 20-25 il əvvəl bizi dünyada daha çox incəsənətin digər növləri ilə tanıyırdılarsa, bu gün filmlərimiz də dünya kino bazarında tanınmağa başlayıb: "Ölkəmizdə keçirilən kinofestivallar, bura gələn xarici kino mütəxəssisləri, təşkil olunan ustad dərsləri və s. kinomuzun yüksəlişindən xəbər verir. Eyni zamanda özəl kinoteatrların sayının artması kinoya olan maraqdan xəbər verir. Bu gün Azərbaycanda kinonun müxtəlif sahələri üzrə gənc mütəxəssislər, kino rəssamları, rejissor, qrim ustası yetişir. Mədəniyyətin bu çətin sahəsi ilə məşğul olan sənət adamlarını bir daha təbrik edir, işlərində uğurlar arzulayıram".

Peşə bayramının sevinci və mükafatları

Əlamətdar gündə ikiqat sevinc yaşayan kino işçiləri də oldu. Ədalət Vəliyev bir qrup kino mütəxəssisinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edildiyini nəzərə çatdırdı və nişanları sahiblərinə təqdim etdi.
“Azərbaycanfilm” kinostudiyasının əməkdaşları - kinooperator Tərlan Babayev, çəkilişə hazırlıq sexinin rəisi Əziz Məmmədov, Dövlət Film Fondunun baş mühəndisi Afaq Allahverdiyeva, filmlərin bərpası üzrə baş mütəxəssis Tamilla Muxtarova, “Azanfilm” studiyasının rejissor-animatoru Aleksandra Şirinova və “Vətən” kinoteatrının videomühəndisi Məmməd Kərimovun bayram sevincinə sevinc qatıldı. Onlar fəaliyyətlərinə göstərilən diqqətə görə nazirliyə təşəkkürlərini bildirdilər.
Peşə bayramı münasibətilə mədəniyyət və turizm nazirinin əmrinə əsasən bir qrup kino veteranı da mükafatlandırıldı. Veteranlara mükafatı Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov təqdim etdi. Mükafatlandırılanlar sırasında “Azərbaycanfilm” kinostudiyası, “Salnamə” və “Mozalan” studiyalarının, Dövlət Film Fondunun, Nizami Kino Mərkəzinin əməkdaşları vardı.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da tədbirə əliboş gəlməmişdi. İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova səhnəyə çıxaraq həmkarlarına təbriklərini çatdırdı və bu il yubileyləri qeyd edilən kino xadimlərinin pul mükafatı ilə təltif olunduğunu bildirdi.

Günün premyerası - “40-cı paraleldə”

Təltifetmə mərasimindən sonra “40-cı paraleldə” kinoalmanaxının yaradıcı heyəti səhnəyə dəvət olundu. Yaradıcı heyət çəkilişdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Gənc rejissorlar çəkiliş prosesindən söz açdılar. Filmlərdə çəkilən aktyorlar da təəssüratlarını bölüşdülər. Yaradılan şəraitə görə kinostudiyanın rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.
Sonda almanax tamaşaçılara təqdim edildi.
Qeyd edək ki, almanaxa daxil edilən “Postskriptum” filminin quruluşçu rejissoru Emin Mirabdullayev, ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Səid Qəni, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat canlandırıblar.
“Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqovdur. Rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza oynayıblar.
“Hədiyyə” filminin quruluşçu rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı çəkiliblər.
“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərovdur. Baş rolları Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov canlandırırlar.
Tədbirdə kinoşünas və kinorejissor Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsinin də təqdimatı oldu.
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan layihənin məqsədi internet vasitəsilə həmvətənlilərimizin Qarabağ probleminə baxışlarını təqdim etməkdir: hər bir Azərbaycan vətəndaşı Qarabağ problemi haqqında ən vacib hesab etdiyi bir neçə cümləni kameraya deyir. Bu sözlərdən ibarət iki dəqiqəlik videoçarxlar internetdə yerləşdiriləcək. Bu videoçarxlar vasitəsilə xalqımızın Qarabağa necə dəyər verdiyi, heç bir zaman onun itkisi ilə barışmayacağı bəyan edilir. Sosial şəbəkələrlə yanaşı bu videoçarxların seansdan əvvəl kinoteatrlarda, televiziya kanallarında və digər yerlərdə nümayişi planlaşdırılır.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar