Versal sarayı qapılarını ziyarətçilərə açıb

Fransada muzeylər yenidən ictimaiyyətə açılır. Koronavirus pandemiyasına görə muzeylər fəaliyyətlərini yeni qaydalar əsasında davam etdirəcəklər.

Fransa tarixinin rəmzlərindən olan Versal sarayı iyunun 6-dan öz qapılarını yerli ziyarətçilərə açıb. 82 gün təcrid olan sarayın iqtisadi baxımdan çətin vəziyyətdə olduğu bildirilir.

Versal sarayı biletləri əvvəlcədən rezervasiya etməklə saatda 500 nəfər – iş günü ərzində 4500 ziyarətçi qəbul edəcək. Halbuki əvvəlki illərdə saray gün ərzində 27 min ziyarətçini qəbul edib.

Əvvəllər özünü 87 faiz maliyyələşdirən sarayın maliyyəsinin 70 faizi bilet kassalarından gəlib. Versal sarayının ildə qəbul etdiyi 8 milyon ziyarətçinin 80 faizini əcnəbilər təşkil edib.

Qeyd edək ki, Versal sarayı bundan öncə 1939-cu ildə, İkinci Dünya müharibəsi başlayanda qapılarını bağlamışdı. Budəfəki sosial təcrid rejimi müddətində sarayda təmizlik işləri aparılıb.

CAVİD