Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının “Youtube” portalında fars mahnısı kimi verilməsi haqqında məlumatlara münasibət bildirib.

Agentlikdən verilən məlumata görə, bu məsələ dərhal nəzarətə götürülüb və müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, bir sıra “Youtube” kanallarında, o cümlədən, “Chekhabar1234” və “Persian Song” adlı kanallarda iranlı musiqiçi Fereydoun Asraeinin ifasında “Dooset daram” adlı mahnı yerləşdirilib: “Qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” mahnısının musiqisidir. Burada mahnının sözləri dəyişdirilib və musiqinin mənşəyi barədə məlumat göstərilməyib. Mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu həm də Dünya Əqli Mülkiyyət Təşkilatının müəlliflik hüququna, ifalar və fonoqramlara dair müqavilələrinin müddəalarına ziddir.

Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. “Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilib. Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan “Azərbaycan türk el nəğmələri”, Bülbülün 1956-cı ildə nəşr olunan “Azərbaycan xalq melodiyaları”, Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan “Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan “Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyədə (Ankara) nəşr olunan “Azerbaycan halk mahnıları” kitablarında “Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunub.

Mahnı eyni zamanda 1954-cü ildə çəkilmiş “Doğma xalqıma” adlı filmdə səsləndirilib. Bəstəkar Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən “Küçələrə su səpmişəm” xalq mahnısını yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının yenidən işlənmiş variantı görkəmli müğənni Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı “Youtube” kanalına yüklənib. “Küçələrə su səpmişəm” xalq mahnısı həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilib, maddi daşıyıcılara yazılaraq “Youtube” kanalına yüklənib.

Məlumatda o da vurğulanırs ki, “Küçələrə su səpmişəm” xalq mahnısı iranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq “Khuneh be Dush” adlı albomda “Dustat daram” adı ilə 8-ci sırada yer alıb, həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilib və ən əsası, Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilib. Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanıb və “Youtube” portalının müvafiq bölməsinə ünvanlanaraq, “Chekhabar1234” və “Persian Song” adlı kanallarında, eləcə də digər kanallarda “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib.