Teatrların virtual səhnəsi
Yuğ Dövlət Teatrı “Vəsvəsə” tamaşasının videoyazısını sosial şəbəkə səhifəsi vasitəsilə nümayiş etdirib. Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı mərhum Əməkdar rəssam Rəşid Şerifdir.
Mütəfəkkir şair İmadəddin Nəsimi haqqında “Mənəm, mən...” tamaşası növbəti dəfə virtual səhnədə iyunun 25-də təqdim ediləcək. Tamaşa Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilə birgə layihəsi üzrə yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Xalq artisti Aygün Səmədzadədir. Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov tamaşada rol alıb.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da virtual repertuar üzrə tamaşalarını təqdim etməkdədir. Növbəti həftə ərzində daha dörd tamaşaya teatrın “Facebook” səhifəsi və “Youtube” kanalında baxmaq olar.
İftixarın “Qurtuluş dastanı” (quruluş – Əməkdar incəsənət xadimi Oruc İzzətoğlu) əsərinin tamaşası 15 iyunda, “İşıqlı, nurlu sabah” (quruluşçu rejissor, tərtibatçı rəssam – İftixar Piriyev) 16 iyunda təqdim olunacaq. 17 iyunda “Nurlu ömrün anları” (müəllif və quruluş – İftixar Piriyev), 20 iyunda isə Ramiz Abdullayevin “Biznesmen” əsəri (quruluşçu rejissor – Əməkdar artist Loğman Kərimov) nümayiş etdiriləcək.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Youtube” kanalında iyunun 15-də saat 12:00-da “O olmasın, bu olsun” tamaşasının videoyazısı yayımlanacaq. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə, kukla ustası Tatyana Melnikovadır. Məşədi İbad rolunu unudulmaz sənətkarımız, Xalq artisti Yaşar Nuri canlandırıb.