Kino günü ərəfəsində təltif olunanlar sevinclərini bizimlə bölüşdülər

İyulun 29-da Prezident İlham Əliyev kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə təltif olunanların bir neçəsinin sevincini sizlərlə bölüşürük.

Xalq artisti, aktyor Şamil Süleymanlı:
Kino işçilərinin peşə bayramı ərəfəsində keçirdiyim hisləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Sevincim bir dünya xoşbəxtliyə bərabərdir. Bəzən deyirlər ki, fəxri adlar lazımdır? Mən deyərdim ki, lazımdır. Çünki fəxri ad sənət adamına stimul verir. Ulu öndər Heydər Əliyev hər zaman sənət adamlarının əməyini qiymətləndirərdi. Bu diqqət və qayğı ölkə rəhbərimiz İlham Əliyev tərəfindən davam etdirilir. Mənə fəxri ad sevincini yaşatdığına görə ölkə rəhbərliyinə minnətdaram, əlaqədar təşkilatlara təşəkkürümü bildirirəm. Bu günlərdə mənə zəng vurub təbrik edən dost-tanış, hər kəsə təşəkkür edirəm. Çalışacağam ki, bu adı sənətimlə, bacarığımla doğruldum.

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov:
Təbii ki, sevinc dolu hislər keçirirəm. Birinci növbədə ölkə başçısına və əməyimi qiymətləndirən hər kəsə təşəkkür edirəm. Təbrik və diqqətə görə də hər kəsə minnətdarlığımı bildirirəm.

Əməkdar incəsənət xadimi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov:
Fəxri ada layiq görülməyimə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümü bildirirəm. Dövlətin diqqət və qayğısı, bu sahədə çalışanların ümumi səyi nəticəsində Azərbaycan kinematoqrafiyası inkişaf edir və yeni uğurlara imza atır. Biz hər zaman milli kinomuzun inkişafı naminə çalışmışıq və bu sahədə heç bir zaman bacarığımızı əsirgəməyəcəyik.

Əməkdar incəsənət xadimi, kinossenarist Orxan Fikrətoğlu:
Kino günü ərəfəsində çox sevindirici xəbər oldu. Öz adımdan, ailəmin adından ölkə rəhbəri İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Hər bir insan zəhmətinin qiymətləndirildiyini görəndə sevinir, ruh yüksəkliyi yaranır. Bu onu göstərir ki, sənətin bütün sahələrinə dəyər verilir. Demək, insan hansı sahədə çalışırsa-çalışsın, nə formada yazırsa-yazsın, onun fəaliyyəti, yaradıcılığı hər zaman dövlətin diqqətindədir.

Əməkdar artist, aktyor Rasim Cəfər:
Bu mənim üçün xoş bir sürpriz oldu. Düzü, gözləmirdim və ilk eşidəndə inanmadım. Sevinc, minnətdarlıq və qürur hissi yaşayıram. Fəxri ada layiq görüldüyümə görə ölkə Prezidentinə minnətdaram. Eyni zamanda bizə sənətimizi və bacarığımızı nümayiş etdirmək imkanı yaradan bütün qurumlara - Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar