Yaxud Corc Floydu öldürən kino
Son günlər Amerika Birləşmiş Ştatlarında baş verən çaxnaşmalardan yəqin hər kəs xəbərdardır. Səbəb isə sadə və köhnədir: ölkənin irqçi polisi afroamerikalı Corc Floyda zor tətbiq etməklə onun ölümünə səbəb olub. Buna etiraz edən milyonlarla insan ağ-qara harmoniyası yaradaraq üsyana qalxıb. Mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq, dünyanın hər yerindən buna etirazlar yüksəlib və ağ-qara fondakı bu qırmızı söhbət yenidən təzələnib gün üzünə çıxıb.
Təbii ki, irqçilik, dərisinin rənginə görə qiymətləndirilən amerikalıların incidilməsi, təhqir olunması, tənələrə məruz qalması ilk hal deyil və dünyanın ən güclü dövləti bu problemi illərdir həll edə bilmir. Düzdür, Amerika ədəbiyyatı, incəsənəti, xüsusən də ideologiya maşınına çevrilən kinosu bunu hər zaman pisləyən, əslində isə problemi ört-basdır edən nümunələr yaradır. Fikir vermisinizsə, əksər filmlərinin müsbət, güclü, humanist, xilaskar simalarından mütləq biri qaradərili olur və guya beləcə bu ayrı-seçkiliyin kökünə balta vurulur. Amma bütün hallarda məsələni səmimi, köklü həll edə bilmirlər. Birmənalı olaraq “ağ”larla “qara”ların münasibəti Amerika kinosunun həssas mövzusudur.
Elə götürək haqqında danışacağımız “Yaşıl kitab” filmini.
Film amerikalı bəstəkar, caz və klassik musiqi pianoçusu Don Şirlinin həyatından bəhs edir. Qaradərili musiqiçi və onu bir qastrol səfərində müşayiət edən ağdərili sürücü-cangüdənindən bəhs edən film 2018-ci ildə ekranlaşdırılıb.
Yüksək intellektə və istedada malik qaradərili musiqiçi Don Şirli və çoxdanışan, adi etiket qaydalarından tamam uzaq ağdərili Toni Vallelonqanın (Toni Lip) 1962-ci ildə ABŞ şəhərlərinə səyahətləri haqqındakı real yaşanmış hadisələr toplusu olan bu ekran işi özünün ideya yükü baxımından da ağır təsir yaradır.
Filmin qısa məzmunu belədir: Toni gecə klubları və kazinolarda mühafizəçi işləyən ortayaşlı kişidir. Sadə, sakit, sevgi dolu ailəsi, onu çox sevən xanımı və iki oğlu var. Valideynləri, qardaşları ilə mehriban yaşayırlar. Toni hər kəsin sevimlisidir. Çünki başqalarına görə fədakarlıq, nəticəsini bilmədən mübarizəyə atılmaq qabiliyyəti var. Dostlarının “Çərənçi” adlandırdıqları Toni istənilən mövzuda boşboğazlıq etməkdə də mahirdir. Bütün bunlara rəğmən heç kimə pislik eləməyəcək qədər saf adamdır. Elə buna görə də gecə klubundakı işini itirir. Milad bayramı öncəsi işsiz qalan Toniyə günlərin bir günü köhnə tanışı zəng edərək tanınmış musiqiçinin özünə qastrol səfəri üçün sürücü axtardığını xəbər verir. Toni tezliklə qaradərili musiqiçi Don (Donald) ilə tanış olur. Nəhayət, səfər baş tutur və bu ağır, macəra dolu qastrolun sonu ömürlük dostluqla bitir.
Gələk ekran işinin ideya həllinə. Bioqrafik dram-komediya janrlarını birləşdirən filmin quruluşçu rejissoru Piter Farrellidir. 2 saat 10 dəqiqəlik film “Universal Pictures”ə 23 milyon dollara başa gəlib.
2019-cu ilin “Oskar” mükafatlandırılmasında “Ən yaxşı film” (Peter Farrelli) nominasiyasında qalib olan “Yaşıl kitab” hələ də tənqidçilər tərəfindən birmənalı qarşılanmır. Onların fikrincə, ancaq problemli yol əhvalatı olan bu film rasizmə haqq qazandıran «populist güc balladası» və təhrif yığınıdır.
Bəziləri Farellini kitabda açıq yazılan hadisələrə geniş yer vermədiyinə görə tənqid edirlər. Onlar deyir ki, kitab qanuni ayrı-seçkiliyin nümunəsi və bir ölkənin öz vətəndaşlarına nifrət toplusudur. Lakin rejissor hesab edir ki, filmdə ürəkağrıdan yüngüllük dəhşətli ayrı-seçkiliklə tarazlıq yaradır. O deyir ki, əsl həyat hekayəsi və dostluq bəşəriyyətin universal anlaşmasının göstəricisidir. Bu mənada məsələ iki insanın münasibətləri fonunda çox cılızdır və mahiyyət etibarilə hər iki obraz bir-birinin tamamlanmış ifadəsidir.
Filmin ağ adamların prizmasından çəkildiyini, auditoriyasının öz keçmiş günahları ilə bağlı rahatlıq tapmasına kömək, bəraət jesti olmasını nəzərə alsaq, bu, başadüşüləndir.
Bu və daha artıq fikir ayrılıqlarına rəğmən film ümumilikdə bir insanlıq dramı kimi təsirli alınıb. Ən azından tamamilə müxtəlif təbəqələrdən olan iki şəxs – məşhur afroamerikalı pianoçu ilə Nyu-York şəhərindən olan italyan mənşəli sadə gözətçi arasındakı bu səmimi dostluq təsirli boyalarla təqdim edilib. Məsələn, elə götürək filmin əvvəlində Toninin ona təqdim olunan “Yaşıl kitab”a münasibətini. Bildiyiniz kimi, bu adda kitab (“The Green Book” – qaradərili sürücülər üçün yol bələdçisi) 30 il (1936-1966) müddətində on minlərlə tirajla çap olunaraq qaradərililərin vacib məlumat mənbəyinə çevrilib. Bu məlumat kitabçası olmadan onların Amerikanın bir sıra ştatlarında rahat hərəkəti, demək olar ki, mümkünsüz idi. Elə zəvzək Toni və onun xanımı da bu kitabın mövcudluğuna etiraz edərək onu axmaq addım adlandırırlar.
Filmin aktyor seçimi də uğurlu alınıb. Daim müsbət qəhrəman Viqo Mortenson (Toni Vallelonqa) və teatrla kinonu paralel olaraq yaradıcılığında uğurla inkişaf etdirən Maherşala Əlinin (Don Şirli) tandemi təbiidir. Onlar biri digərini başa düşməkdə və dostluğun təsvir olunmasında mükəmməl bir tarazlıq yaradıblar.
Viqo Mortensonun Tonisi əmin, səmimi, güclü xarakterlidir. Hərəkətlərinə cavabdeh deyil və heç kimi vecinə almır.
Maherşala Əlinin canlandırdığı Don – Leninqrad Konservatoriyasında yüksək klassik musiqi təhsili alan, qaradərili caz pianoçu həmkarlarına bənzəmək istəməyəm, nəinki musiqiçi, öz millətindən olan heç kimlə, hətta qardaşı ilə əlaqəsi olmayan, anasını itirməsi ilə bütünlükdə soyundan imtina edən gənc öz obrazında xeyli məmnundur. O, dəbdəbəli mənzildə, əntiq əşyalarla dolu evdə tək yaşayır, daim səliqəli, mədəni və təmkinlidir. Özünəməxsus qatı qaydaları da var. SSRİ-də qalmayan, ona təklif edilən geniş imkanlara məhəl qoymayıb öz vətəninə, ona aid, amma onun aid edilmədiyi Amerikaya qayıdan və bütün varlığıyla musiqi ilə məşğul olan mübarizdir. Kifayət qədər də tanınıb sevilir. Amma səhnədə.
Bu təzad filmdə elə ustalıqla sistemləşdirilib ki, sən rejissorun fikrini, ümumən məsələyə münasibətini qəti ayırd edə bilmirsən. Film boyu biz tamaşaçı olaraq bu ikiləşmədə, qapqara dolanbaclarda itib-batdıqca vəziyyəti Toninin xoş, sadəlövh, bəzən də axmaq hərəkətləri dəyişir.
Filmdə rejissorun hansı qəhrəmanı daha çox sevdiyini, hansı vurğunu qabartdığını ayırd etmək bəzən o qədər çətin olur ki, onu mühakimə etməyə bilmirsən. İstər-istəməz təhriflər, ortadakı boşluq və mükəmməl montajın sonluğu səni düşündürür. Xüsusən filmin sonu – Donun Toninin evinə qonaq gəlməsi və ev sahibəsi ilə yüz ilin dostu kimi qucaqlaşması. Deməli, Don Şirli yenə də onların, ağdərililərin yanında xoşbəxtdir. Hərçənd doğma qardaşı həsrətlə onun yolunu gözləyir, elə qaradərili adamların toplaşdıqları musiqi məkanları da. Belə çıxır ki, ya Şirli riyakardır, ya da filmin yaradıcı heyəti.
Bu təyinlərdən fərqli olaraq filmin ssenari müəllifi, Toninin oğlu Nik Vallelonqa sırf atasının ona danışdığı hekayəni qələmə aldığını və hər vəchlə Don Şirliyə sevgisini ifadə etməyə çalışdığını deyir.
Amma Şirli ailəsi bundan məmnun deyil. Onlar film yaradıcılarının faktlarla bağlı ciddi səhvlərə yol verdiklərini deyir və təpədən-dırnağa bir qaradərili hekayəsinin ağdərili obrazın dili ilə nəqlinə etiraz edirlər.
Ümumilikdə real həyat hekayəsi üzərində çəkilən bu film tanınmış bir musiqiçi ilə kobud bir sürücü arasındakı əsl dostluqdan danışdığına görə, nə qədər maraqlı olsa da, insan münasibətlərinin psixodinamikası baxımından çox gərgindir. Film boyu təhqir olunan super-istedadlı qara, hər zaman müdafiə mövqeyində olan yeknəsəq ağbənizli adam var və onlar gah bir-birləri ilə, gah da qarşılaşdıqları adamlarla mübahisə edirlər. Zamanla bir-birlərini aşağılayan tənqidlərə də gedib çıxırlar ki, bu detal da rejissorun təzadlı münasibətinin xronikası kimi anlaşılmaz qalır.
Rejissorun özünün də ayırd edə bilmədiyi münasibətə bir detalla da aydınlıq gətirək: Piter Farrelli mükafatı qəbul edən zaman söylədiyi nitqdə filmin sevgidən qaynaqlandığını desə də, ömrü boyu musiqisi ilə könülləri oxşayan və bütün həyatı boyu irqçi ayrı-seçkiliyə üsyan edən Don Şirliyə təşəkkür etməyi unudur. Elə üzüqara “Yaşıl kitab”a etirazı da. Deməli, o, yaradıcılığının yaşıl işığı olan bu “Yaşıl kitab”a borclu qalacaq. Sözün bütün mənalarında...
Həmidə NİZAMİQIZI