Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi bəstəkar, müsəlman Şərqində ilk operanın yaradıcısı, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli haqqında “Vikipediya” elektron ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə Üzeyir Hacıbəylinin Azərbaycan musiqisini inkişaf etdirməsi, milli opera sənətinin və operettanın əsasını qoyması, dram əsərləri, felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazması və s. barədə məlumatlar yer alıb. Qeyd olunub ki, bəstəkar Azərbaycanda musiqi təhsilinin banilərindən biri olub, musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərərək milli kadrların hazırlanmasına, musiqi kollektivlərinə rəhbərlik edib.

Bölmədə Üzeyir Hacıbəylinin həyatı, onun Qarabağda, Şuşada keçirdiyi illər, Qori seminariyasında təhsil alması, yaradıcılığı, publisistikası, yaratdığı ölməz əsərlər, musiqili komediyalar, operalar, habelə bəstəkarın filmoqrafiyası, haqqında çəkilmiş filmlər, Azərbaycan Elmlər Akademiyasının ilk üzvlərindən biri kimi fəaliyyəti də əksini tapıb. Bundan başqa, bölmədə Üzeyir bəyin həyat və yaradıcılığına dair maraqlı fotoşəkillər, afişalar, not yazıları, Azərbaycanda buraxılmış poçt markaları verilib.

Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Üzeyir Hacıbəyli haqqında fikirlərinə də bölmədə yer verilib. Həmçinin qeyd olunub ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

Bölmə ilə https://uz.wikipedia.org/wiki/Uzeyir_Hajibeyov linkində tanış olmaq mümkündür.