Azərbaycan

13 iyun 1927 – Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 – 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində çəkilib.

 

14 iyun 1794 – Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 – 28.11.1852) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas Fridrix Bodenştedtə qəzəllərini hədiyyə edib. Bodenştedt qəzəlləri tərcümə edərək öz imzası ilə nəşr etdirib, kitab Avropada geniş yayılıb. İllər sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edib.

14 iyun 1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb, repressiya olunub.

14 iyun 1902 – İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 – 22.4.1980) Bakıda anadan olub. Görkəmli mədəniyyət xadimlərinin  (Ü.Hacıbəyli, Ə.Əzimzadə), hərbçi və əmək qəhrəmanlarının heykəl və büstlərini yaradıb.

14 iyun 1926 – Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 – 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən kollektivin bədii rəhbəri olub.

 

15 iyun 1918 – Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 – 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

15 iyun 1924 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 1924 – 14.9.1992) Qazax rayonunda doğulub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

15 iyun 1933 – Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933-1998) Masallı rayonunun Qodman kəndində anadan olub.

15 iyun 1934 – Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaəhmədli kəndində doğulub.

15 iyun 1945 – Xalq artisti Amaliya Əliş qızı Pənahova (1945 – 8.11.2018) Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan”  və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

16 iyun 1888 – Xalq artisti, teatr xadimi Hacıağa Mütəllib oğlu Abbasov (1888 – 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927-1929), Bakı Teatr Texnikumuna (1929-1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir.

16 iyun 1939 – Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 – 7.1.1999) anadan olub. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

 

Dünya

 

 13 iyun 1865 – İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Vilyam Yits (William Butler Yeats; 1865-1939) anadan olub.

 

14 iyun 1811 – Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.

14 iyun 1835 – Yəhudi əsilli pianoçu və dirijor, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.

 

15 iyun 1843 – Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.

15 iyun 1946 – Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 – 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub.

 

16 iyun 1313 – İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan “Dekameron” əsərinin müəllifidir.

16 iyun 1937 – Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub.

Hazırladı:  Vüqar ORXAN