Ölkəmizin teatrları cari repertuardan seçmə və arxiv tamaşalarının virtual formatda nümayişini davam etdirirlər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Facebook” səhifəsi vasitəsilə bu həftəsonu da maraqlı tamaşalar göstərəcək. İyunun 19-da “Manqurt”, ayın 20-də “Biganələr hoteli”, 21-də isə “Mənim sevimli dəlim” tamaşaları təqdim olunacaq. Səhnə əsərlərinin virtual nümayişi saat 19:00-da başlanır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarında üç səhnə əsəri yer alır. Teatrın sosial şəbəkə səhifələri vasitəsilə iyunun 19-da uşaqlar üçün Azərbaycan xalq nağılı “Göyçək Fatma”, 21-də isə “Buratinonun macəraları” (hər ikisi saat 14:00-da) göstəriləcək. İyunun 20-də (saat 19:00) N.Qoqolun əsəri əsasında “Dəlinin qeydləri” monotamaşası təqdim olunacaq.
İyunun 20-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “Youtube” kanalında (saat 12:00) “Kral” tamaşasını təqdim edəcək. İyunun 21-də isə teatrın ən maraqlı səhnə nümunələrindən olan “Zəng” tamaşası nümayiş etdiriləcək. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir.