Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan növbəti konsert proqramı COVİD-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunub.
Azərbaycanın tanınmış estrada ulduzlarının iştirak etdikləri layihə ölkə ərazisində davam edən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Heydər Əliyev Mərkəzində tamaşaçısız həyata keçirilib.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 27-ci ildönümündə – Milli Qurtuluş Günündə təqdim olunan konsert proqramı həm də vətəndaşlara üzləşdiyimiz sınaq qarşısında birliyə, vahid qüvvə kimi çıxış etməyə, pandemiya ilə mübarizəyə dəstək verməyə, özləri və yaxınlarının sağlamlıqlarını qorumaq məqsədilə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırış məqsədi daşıyıb. Konsert iyunun 15-də televiziya kanallarında yayımlanıb.