Azərbaycan İstiqlal Muzeyi və paytaxtdakı İdrak liseyinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan videokonfrans keçirilib.

Konfransda muzeyin elmi işçiləri Şövkət Əskərova və Gülər Əskərova çıxış ediblər. Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açılıb. Vurğulanıb ki, ulu öndərin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Görkəmli dövlət xadimi Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirib. Onun əsasını qoyduğu davamlı inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İdrak liseyinin şagirdlərindən Nərgiz Yusubova, Sona İsmayılova, Lalə Mehtiyeva və Fidan Axundova mövzu ilə bağlı fikirlərini bildiriblər. Sonra lisey şagirdləri üçün muzeyə onlayn ekskursiya təşkil edilib.

***

İyunun 14-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev giriş sözündə ulu öndərin xalqımız qarşısındakı xilaskarlıq missiyasından danışıb. Bildirib ki, Azərbaycan xalqı ən çətin anda müdrik qərar verərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bununla xalqımız bütün təhlükələrdən xilas oldu.

Sonra direktor müavini Zivər Abbasova, truppa müdiri Müdvər Nemətova, ədəbi hissə müdiri Nərminə Ağayeva və aktyorlar çıxış edərək ürək sözlərini bildiriblər. Aktyorların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

***

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqili kompozisiyanı sosial şəbəkə izləyicilərinə təqdim edib.

Teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərliyi və dirijorluğu ilə “Nəsillər”  estrada qrupunun üzvləri – teatrın gənc solistləri Aydan Həsənova, Hidayət Əliyev, Emin Zeynallı sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olub “Sən elə bir zirvəsən” əsərini ifa ediblər. Yeni yaradılan estrada qrupunun ilk çıxışında solistləri orkestrin üzvləri Murad Kərimov, Dərya İsmayılov, Nigar Həsənli, Rəsul Lətifzadə, Atabəy İsmayılov və Ramin Musayev müşayiət ediblər.

***

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Milli Qurtuluş Günü” adlı virtual sərgi təqdim olunub. Kitabxanadan bildirilib ki, sərgidə rəsmi sənədlər, Azərbaycan, rus və ingilis dillərində kitab və məqalələrin elektron resursları yer alır. Burada nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Sərgi ilə http://anl.az/el/vsb/15_iyun/index.html  linkindən tanış olmaq olar.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şövkət Ələkbərova adına Mədəniyyət evi də əlamətdar günlə bağlı videoçarx təqdim edib. Videoçarxda ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından bəhs edilir, bu günə həsr olunmuş şeir parçası təqdim edilir.