Elektron media, həyatımıza istədiyimizdən də artıq müdaxilə edən sosial şəbəkələr və videoproqramlar müsbət tərəflərlə yanaşı müəyyən fəsadlar da yaradır. Yaşadığımız pandemiya dövründə internet dünyasından asılılıq özünü daha qabarıq göstərir.

Bir sıra fəaliyyət istiqamətləri, daha çox da tətbiqi yaradıcılıq növləri bu müstəvidə özünün zəif tərəflərini büruzə verir. Xüsusən canlı sənətlər, ələlxüsus da teatr. Deməli, internet mediasında onlayn teatr formatından öncə onlayn teatr mediası formalaşdırmaq lazım idi. Belə olduqda həm teatr ictimaiyyəti, həm də elə tamaşaçılar buna hazır olacaqdılar...

Bu istiqamətdə dünyada və ölkəmizdə fərqli fikirlər olsa da, ümumi təyin təxmini eynidir: klassik sənətin, xüsusən də teatrın bu vəziyyətdə uduzmaması və inkişafı üçün internet mediasını unutmamalıyıq. Belə olduqda  teatrın “indi və burada” prinsipi o müstəviyə də yönəlməlidir. Bir də ümumilikdə ölkəmizdə teatra müstəqil proqramlar formatında telekanallarda efir ayrılması məsələsi var. Etiraf edək ki, teatrın nəinki nəzəri problemlərinin təhlilini, heç sistemli təbliğatını quracaq proqramlar, demək olar ki, yoxdur.

Düzdür, internet mediasında müəyyən cəhd xarakterli saytlar, sosial şəbəkələrdə səhifələr var. Bunun yetərli olmadığını düşünənlər onların sırasına növbəti layihəni – “Pressklub TV” internet televiziyasını əlavə ediblər.

Beləliklə, artıq ayda iki dəfə olmaqla bu internet mediasının köməyi ilə teatr, onun problem və perspektivləri mütəxəssislərin müzakirəsində ekrana çıxacaq. “Teatral” adı verilən ictimai müzakirə proqramı Azərbaycanın mədəniyyət həyatının, xüsusən teatrın  müxtəlif məsələlərini işıqlandıracaq.

Verilişin ideya müəllifi, rejissor Tahir Tahiroviç “Teatral”ın yaranma zərurətindən danışdı: “Bu gün ölkənin ictimai-siyasi və sosial həyatında gedən proseslər bəzən cəmiyyətin diqqətini humanitar-mədəni sferada gedən proseslərdən yayındırır. Bəzən həm ənənəvi medianın, həm də internet mediasının lazımınca diqqət yetirməməsi səbəbindən ekranlarda, saytlarda, qəzet-jurnal səhifələrində mədəniyyətin bu və ya başqa sahələrinin problemləri lazımınca işıqlandırılmır. Sayı gündən-günə artan internet TV-ləri, “Youtube” kanalları da siyasi mövzulara aludəçilik göstərərək, mədəniyyət məsələlərinə, teatr, kino və digər vizual sənətlərə diqqət yetirmirlər. Bütün bunları nəzərə alaraq “Pressklub TV” “Aranfilm” studiyası ilə birlikdə “Teatral” mədəniyyət proqramı açmağa qərar verib. Ölkəmizin mədəniyyət həyatına aid problemləri işıqlandıracaq proqram hazırda həftəaşırı, payızdan isə həftəlik efirə çıxacaq”.

Rejissor verilişdə ölkəmizin mədəniyyət sahəsindəki nailiyyətlərlə yanaşı, dünya mədəniyyətində gedən proseslər, vacib kulturoloji problemlər, həmçinin mədəni tərəqqiyə mane olan nöqsanlar barədə də söhbət açılacağını dedi.

“Teatral”ın aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarlı da belə bir proqramın yaradılmasından və işin ona həvalə edilməsindən məmnunluqla danışdı: “Biz informasiya cəmiyyətində yaşayırıq və bütün informasiya resurslarından istifadə etməklə təmsil etdiyimiz peşənin təbliği ilə məşğul olmalıyıq. Teatrın buna xüsusilə ehtiyacı var. Əslində, bu formatda veriliş ideyası çoxdan olsa da, texniki baxımdan reallaşdıra bilmirdik. Bu layihədən mənə təklif gələndə çoxdankı arzumun reallaşmasına sevindim və məmnuniyyətlə razılıq verdim”.

Hələlik iki sayı efirə gedən verilişin sənətsevərlər, teatr ictimaiyyəti tərəfindən maraqla qarşılandığını deyən V.Qafarlı əsas məqsədlərinin təkcə teatr yox, ümumən mədəniyyət sahəsi ilə bağlı problemlərə işıq tutmaq olduğunu deyir: “Dominantlığı teatr mövzusu təşkil etsə də, bütövlükdə sənətlə bağlı mövcud problemləri qaldıracaq və onların həlli yollarını tapmağa çalışacağıq”.

Onu da qeyd edək ki, 45 dəqiqəlik verilişdə hər dəfə iki qonağın iştirakı ilə bir mövzu müzakirəyə çıxarılır və onun həlli istiqamətlərində fikir mübadiləsi aparılır.

HƏMİDƏ