XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən müəlliflər arasında Altay Məmmədov da var. Çoxcəhətli yaradıcılıq imkanlarına malik olan ədib Azərbaycan nəsrinə və dramaturgiyasına yeni ab-hava gətirmişdir. Bu il istedadlı yazıçı, dramaturq və tərcüməçi, ədəbiyyatşünas alim, Əməkdar mədəniyyət işçisi Altay Məmmədovun 90 illik yubileyidir.

Altay Yusif oğlu Məmmədov 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, sonra əmək fəaliyyətinə (saatsaz) başlamışdır.

1953-cü ildə o zaman H.Zərdabinin adını daşıyan Gəncə Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı müddətdə “Gəncə fəhləsi” qəzetində korrektor, “Gəncə kommunisti” qəzetində məsul katib müavini, daha sonra isə məsul katib (1953-1955-ci illərdə) işləmişdir. İnstitutu bitirəndən sonra Azərbaycan ədəbiyyatı kafedrasında müəllim vəzifəsində saxlanılmış və ədəbiyyat tarixi üzrə mühazirələr oxumuşdur. 1970-1974-cü illərdə institutda elmi işlər üzrə prorektor olmuşdur.

Altay Məmmədov Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin sədri və məsul katibi vəzifələrində də çalışmışdır. O, Gəncə və ətraf rayonlarda mədəni tədbirlərdə fəal iştirakına, incəsənətin, mədəniyyətin inkişafında göstərdiyi səylərə və qazandığı uğurlara görə 1971-ci ildə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

***

Altay Məmmədov yaradıcılığa 1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə nəşr olunmuş “Fəhləlikdən alimliyə” adlı oçerki ilə başlamışdır. Cəfər Cabbarlı ənənələrinin davamçısı, xalqına bağlı, onu ülvi bir məhəbbətlə sevən, hər cür köhnəlik qalıqlarından azad etməyə çalışan, ətrafa açıq nəzərlərlə baxmağa səsləyən yazıçı 20-dən çox bədii və elmi kitabın müəllifi olmuşdur. Əsərləri rus, Ukrayna, latış, ləzgi, bolqar, fransız, ispan, ingilis, ərəb, fars, macar, eston, tacik dillərinə tərcümə edilmiş, pyesləri ölkəmizdən savayı Rusiya, Tacikistan, Bolqarıstan və Vyetnamda tamaşaya qoyulmuşdur. 1973-1974-cü illərdə “Mahnı” adlı kiçik povesti Şri-Lankada kitab halında iki dəfə nəşr edilmişdir.

A.Məmmədovun yaradıcılığında hekayə janrı mühüm yer tutur. 1958-ci ildə çapdan çıxan “On birinci açar” adlı ilk hekayələr kitabı ilə ədəbiyyata istedadlı bir nasir kimi daxil ola bilmişdir. “Narınc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhəbbətin səsi”, “Gülab nəfəsli” və s. hekayələri bu janrın gözəl nümunələrindəndir. Xüsusilə, “Məhəbbətin səsi” və “Gülab nəfəsli” hekayələri o illərdə oxucuların ən çox sevdiyi nəsr əsərlərindən hesab edilirdi. Bu iki hekayədə müəllif saf, təmiz məhəbbətin əbədiliyi ideyasını irəli sürürdü.

A.Məmmədov dram əsərləri ilə də Azərbaycan tamaşaçısının ürəyinə yol tapmağı bacarmışdır. Müəllifin “Həmyerlilər” satirik komediyası 1960-cı ildə Gəncə Dram Teatrında, sonralar Sumqayıt, Ağdam, Mingəçevir teatrlarında, həmçinin Kumık teatrında (Dağıstan) uğurla tamaşaya qoyulmuşdur.

1964-cü ildə dramaturqun məşhur “Kişilər” komediyası Gəncə teatrında, daha sonra Ağdam teatrında, həmçinin Tacikistanda tamaşaçılara təqdim olunmuşdur. Komediya Azərbaycan Televiziyasında, habelə Sovet ordusu teatrı artistlərinin ifasında bir neçə dəfə Mərkəzi Televiziya ilə nümayiş etdirilmiş, Moskva teatr tənqidçiləri tərəfindən müsbət qiymətləndirilmişdir. Bundan əlavə, ədibin “Yadındamı”, “Ulduzlar görüşəndə”, “Bəraət”, “Dəli Domrul”, “Üçatılan” və başqa əsərləri də uğurlu səhnə taleyi yaşamışdır.

***

A.Məmmədov ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də mükəmməl bilicisi idi. Həm klassik, həm də çağdaş ədəbi prosesi dərindən mənimsəməklə yanaşı, böyük oxucu kütləsinin də diqqətinə təqdim edə bilmişdir. O, professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1964-cü ildə “Cəfər Cabbarlının 1905-ci ildə dramı” mövzusunda dissertasiya müdafiə etmiş, bir il sonra dosent elmi adı almışdır.

Azərbaycan xalqının tarixi və etnogenezi kimi mühüm məsələlərlə dərindən maraqlanaraq araşdırmalar aparan A.Məmmədov “Oğuz səltənəti” və “Kəngərlər” kimi tədqiqat əsərlərini də ərsəyə gətirmişdir. Müəllifin tədqiqat işləri bununla məhdudlaşmır, o, şifahi xalq ədəbiyyatından müasir dövrədək ədəbiyyatımızın, xüsusən hekayə janrının inkişafını diqqətlə izləmiş, nəticədə “Azərbaycan ədəbiyyatında hekayə”, “Hekayələrdə dini fanatizmin tənqidi”, “Azərbaycan hekayəsi” və s. kimi qiymətli elmi əsərlər yazmışdır. “Azərbaycan hekayəsi” monoqrafiyasında müəllif Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, realist hekayənin yaranmasına qədərki mərhələni çox geniş şəkildə araşdırır. Burada heç şübhəsiz, şifahi xalq yaradıcılığı - dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha sonra epik poeziyamızda mənzum hekayələr mühüm rol oynayır.

A.Məmmədov eyni zamanda tərcümə ilə məşğul olmuş, Gəncə teatrında səhnəyə qoyulmaq üçün özbək dramaturqu Əbdüqəhhar İbrahimovun “İlk busə”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini Azərbaycan dilinə çevirmişdir.

Altay Məmmədov İ.Əfəndiyev və Ə.Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini yaradan ədiblərdən hesab olunur. Yazıçı 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir.

Aynurə ƏLİYEVA