Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin “İgidlərin sayı çoxdur bu yerdə...” kitabı işıq üzü görüb.

Kitabda müəllif Şuşanın keçmişini arayır, elin ziyalılarını, cəsur övladlarını yada salır, onların keçdikləri həyat və qəhrəmanlıq yollarına işıq tutur, doğma yurda şöhrət gətirən insanları bugünkü nəsillərə tanıtmağa və sevdirməyə çalışır.

Nəşrdə müəllif tarixi hadisə və faktları özünəməxsus yanaşma ilə təhlil edərək bir çox hallarda görünməyən tərəfləri üzə çıxarır, əlaqələndirir, onlara dolğun məzmun verərək oxucuya çatdırır. Kitabda həmçinin Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, Mikayıl Müşfiq kimi görkəmli ədiblərin Şuşa ilə, Qarabağla əlaqələri haqqında bir-birindən maraqlı hekayət və faktlar təqdim edilir.

“İgidlərin sayı çoxdur bu yerdə...” kitabında 24 oçerk, 5 xatirə və 3 elmi məqalə toplanıb.