Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İctimai Televiziyanın (İTV) media dəstəyi ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan İNTERACT layihəsinin həyata keçirilməsinə başlanılıb.

Görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı İNTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir.

Tədris laboratoriyası funksiyasını həyata keçirəcək İNTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribusiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.

Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək İNTERACT ONLİNE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunacaq.

İNTERACT ONLİNE-nin ilkin mühazirəçiləri:

- Anna Qudkova – TNT “Premier” striminq platformasının kreativ prodüseri, redaktor, festival proqramlarının kuratoru, “Kinotavr” festivalında pitçinqlərin yaradıcısı və kuratoru. “Kultburo” tədris mərkəzinin proqram direktoru və həmtəsisçisi. Bir sıra Rusiya və beynəlxalq kino festivallarının münsiflər heyətinin üzvü.

- Andrey Zvyagintsev – tanınmış rusiyalı ssenarist və rejissor, “Qayıdış”, “Yelena”, “Leviafan” və digər məşhur filmlərin müəllifi. Venesiya kino festivalında “Qızıl şir” (2013), Kann film festivalında “Ən yaxşı ssenariyə görə” mükafatının, xarici dildə ən yaxşı filmə görə “Qızıl qlobus” (ABŞ) mükafatının sahibi. İndiyə qədər cəmi beş bədii film çəksə də, Rusiya və beynəlxalq kinematoqrafın ən nüfuzlu rejissorlarından biridir.

- Matyö Darras – 2017-ci ildə özünün təsis etdiyi “Pop Up Film Residency” kinorezidensiyasının rəhbəri. “European Network NİSİ MASA” gənc kinematoqrafçıların Avropa şəbəkəsinin təsisçisi və rəhbəri (2002-2012), “TorinoFilmLab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və bədii rəhbəri (2008-2018) olub. “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival”ın (2010-cu ildən) proqram tərtibatçısı olub. “First Cut Lab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və direktorudur.

 

Qeyd edək ki, İNTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə forması və statusu COVİD-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək.

İNTERACT ONLİNE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.

Layihə iştirakçılarının sayı məhduddur. Proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn qeydiyyatdan keçmələri xahiş olunur. Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün ZOOM platformasına keçid əldə edəcəklər.