Erməni terrorizmi mövzusunda videokonfrans təşkil olunub
Azərbaycanın Türkiyədəki səfirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə “Şəhadətinin yüz ilində Fətəli xan Xoyski və türk dövlət adamlarına qarşı erməni terrorizminin bir əsrlik tarixi” mövzusunda videokonfrans keçirilib.
Fondun rəhbəri, professor Aygün Əttarın sədrliyi ilə keçirilən videokonfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov və Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.
Çıxışlarda ermənilərin Qafqaza köçürülməsi, Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, ermənilərin türklərə qarşı düşmənçiliyi, görkəmli dövlət xadimlərimizə qarşı həyata keçirilən terror aktları, Azərbaycana qarşı aparılan təcavüzkar siyasət və mövcud işğal faktı barədə danışılıb. Diqqətə çatdırılıb ki, terrorçu Ermənistan dövlətinin təcavüzkar siyasəti nəticəsində maddi mədəni irsimizə qarşı soyqırımı gerçəkləşdirilib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını nəsillərə örnək kimi dəyərləndirən çıxışçılar əminliklə bildiriblər ki, tarixin ağır sınaqlarından üzüağ çıxmağı bacaran xalqlarımız birgə mübarizə ilə işğal altında olan Azərbaycan torpaqlarının xilasına nail olacaq. Bunun üçün mövcud problemin, ilk növbədə, müsəlman-türk aləminə çatdırılmasının vacibliyi bildirilib.