Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı alman dramaturqu Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasının videoyazısını iyunun 25-də (saat 19:00) “Facebook” səhifəsində nümayiş etdirəcək.

Dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur pyesinə Xalq artisti, mərhum Rafiq Əliyev quruluş verib.

Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Xalq artisti Ramiz Fətəliyevdir. Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Yarımçıq qalmış” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə iyunun 26-da (saat 19:00) təqdim edəcək.

Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (“Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan tamaşa 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Rollarda əməkdar artistlər Elnur Kərimov, Leyla Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Bəhram Həsənov, Anar Seyfullayev, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Manaf Dadaşov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva və Elgün Yəhyayev çıxış edəcək.

***

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyunun 26-da (saat 12:00) özünün “Youtube” kanalında fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Oleq Bezrukdur.