Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi üzrə Gürcüstanda gürcü dilində nəşr olunub.

2016-cı ildə Tərcümə Mərkəzinin nəşri olaraq işıq üzü görən “Dünya yuxutək əriyir” kitabı Leyla Əliyevanın Azərbaycan dilində çap olunan ilk şeirlər toplusudur. Kitabda toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Xalq yazıçısı Afaq Məsuddur. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur. Kitabda Afaq Məsudun şairənin yaradıcılığı barədə qələmə aldığı “Buludlardan yuxarı” essesi də yer alıb. 2018-ci ildə “Dünya yuxutək əriyir” kitabı Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsudun ön sözü ilə ingilis dilində nəşr olunub və Londondakı Yunus Əmrə Mədəniyyət Mərkəzində təqdimatı keçirilib.

Tərcümə Mərkəzindən bildirilib ki, Gürcüstanın zəngin ədəbi ənənəli “Merani” nəşriyyatında gürcü dilində işıq üzü görmüş kitaba müəllifin “Gecə”, “İnanmıram”, “Şair”, “Sevgi qulu”, “Ümid”, “Həyat nədir, ölüm nə?”, “Mənim yüküm”, “Bəzən qəm gələndə ağlamaq olmur” kimi 100-dən çox şeiri daxil edilib.

Şeirlərin gürcü dilinə tərcüməçisi və ön sözün müəllifi – görkəmli gürcü şairi, İlya Çavçavadze, Qalaktion Tabidze və Anna Kalandadze mükafatları laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilidir.

M.Qonaşvili “Qanadlarımı özümə saxlayıram” sərlövhəli ön sözdə yazır: “İnsan genetik mücrüdür – əcdadlarının bir çox xüsusiyyətləri damla-damla bu mücrüyə yığılır. Yaxşısı da, yamanı da, ilahi və insani olanı da”.

Ön sözdə vurğulanır ki, Tanrı öz lütfü ilə sevimli bəndəsinə yalnız gözəlliklər bəxş etmir, onu həm də imtahana çəkir, sınaqlardan çıxarır. Bir çox keyfiyyətlərlə mükafatlandırılan gənc xanıma, üstəlik, şairlik istedadı da verilirsə, bu sınağın əlahiddə yükü, çəkisi daha da artır və həqiqi poeziyanın yaranmasına yol açır. “Poeziya” adlı iztirab və ağrı dolu haləti, azca da olsa, yüngülləşdirməyə isə qanadlar, bəli, məhz qanadlar lazımdır.

Yayı saxlayıram yerdə sizlərə,
Təkcə qanadları götürürəm mən.
Bilirəm, bu heç də igidlik deyil,
Bəs bu xəyal həyat... o nədir, görən?...

Müəllif onu qoruyan mələklərə də məhz bu səbəbdən – ona verilmiş əlahiddə yükü, azca da olsa, yüngülləşdirməkdən ötrü üz tutur...

Nədən tərk etdiniz məni, mələklər,
Bu ağır çağımda, bu dar günümdə?..
Göz-gözü görməyən duman içində
Məni tənha qoyub, hara getdiniz?..

Hindlilərin belə bir hikmətli kəlamı var: “Əgər sevirsənsə, iztirab çəkirsənsə, deməli, insansan”.

Sözdü deyirsən ki, intizar üzmür...
Bir dayan, elə hey qaçan pərvanəm.
Mən axı görürəm necə tənhasan,
İşıq sevdasıyla uçan pərvanəm.

Sən gəl ayrı səmtə qanad çal indi
Onsuz da canını alov yaxacaq!
Yaşat şeir dolu duyğular bizə,
Məxmər qanadını qırma sən ancaq...

Sevinclə kədərin, reallıqla təxəyyülün, sadəliklə mürəkkəbliyin, oyanışla, röyanın vəhdəti olan bu poeziyanın dərinliklərində həm də minlərlə suallar yatır. Suallar hamısı dəqiq, cavablarsa şərtidir...

Zaman hara axdı belə sürətlə?..
Qapının ağzını qış aldı yenə.
Yenə yay ruhumu soyuğa verdim,
Tutuldum darıxmaq xəstəliyinə.

Nədən yenə dondun, mənim ürəyim?
Bu daşı, bu buzu kim əridəcək?
Heç cürə qızınmaq istəmirsən sən,
Axı adətindi qışda qəm yemək.

M.Qonaşvili ön sözdə daha sonra yazır: “Apollinerin (polyak əsilli fransız şairi Giyom Apolliner – red.) “Poeziya – hayqırtılardan süzülən duyğular selidir” fikrinə istinad etsək, şairin hamıya eyni miqdarda çatdırmaq istədiyi söz payının haradan baş aldığını, nədən qaynaqlandığını anlamış olarıq. Şair yaralı qəlbin yeganə məlhəminin mərhəmət olduğunu da yaxşı bilir...

Amma gözyaşını görür gecələr...
Bağışla, ürəyim, keç günahımdan.
Mən bir də xətrinə dəymərəm sənin,
Mən bir də getmərəm sənin yanından.

Deyirlər, vaxtım var beşcə dəqiqə.
Qaçaraq yazıram: çatarmı, görən?!
Nöqtəni qoymaq da çıxır yadımdan,
Nöqtə gərəkdirmi bu sətirlərə?

Bu dünyada təqdirəlayiq, ali olan nə varsa, heç də bir insana, yaxud ölkəyə məxsus deyil. O, şəfəqləri bütün Yer üzünü tutan Günəştək hamıya, bütün bəşəriyyətə məxsusdur. Leyla Əliyevanın şeirlərini tərcümə edib, zəngin poetik ənənəsi olan gürcü oxucusuna çatdırmaq qərarına da məhz bu səbəbdən gəldim.

Bu sözləri sənə ünvanlayıram, ey şairlər yurdunun gürcü oxucusu! Sən ki “qafiyələr çarmıxının ağrılarının” nə olduğunu yaxşı bilirsən?! Onu da yaxşı bilirsən ki, “Tanrı əli toxunan yük yüngül olar”. İstedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabını da sənə məhz bu ümidlə təqdim edirəm”.