Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan I Beynəlxalq Köç Filmləri Festivalı başa çatıb.

Koronavirus pandemiyası səbəbindən virtual təşkil olunan festivalda bir həftə boyunca 30 ölkədən 45 tammetrajlı və qısametrajlı film nümayiş olunub.

Suriyalı rejissor Vaad Əl-Katibin (Waad Al-Kateab) “Sama üçün” sənədli filmi festivalda “Ən yaxşı film” mükafatına layiq görülüb. Xatırladaq ki, bu film müvafiq nominasiya üzrə 2020-ci ilin BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) mükafatını da qazanıb.

İyunun 21-də keçirilən festivalın bağlanış mərasimində videoformatla çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, festivalın təşkilində məqsəd hazırda qlobal məsələlər arasında öndə dayanan qaçqın və köçkünlərin problemini gündəmdə saxlamaqdır.

Festival zamanı canlı yayımlar, ustad dərsləri, kino mütəxəssisləri ilə onlayn seminarlar da keçirilib.

Festivalın bağlanışında “Sarı gəlin” Azərbaycan xalq mahnısı səslənib.

Mehparə SULTANOVA
Ankara