Görkəmli musiqişünas alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, akademik Zemfira Səfərova və onun rəhbərlik etdiyi işçi qrup tərəfindən “Azərbaycan musiqi tarixi” adlı çoxcildliyin V cildi tamamlanıb və işıq üzü görüb.
AMEA-dan bildirilib ki, qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin əsas qolu hesab edilən musiqimizin tarixi köklərinin araşdırılması və onun gələcək nəsillərə çatdırılması məqsədini daşıyan kitabın ərsəyə gəlməsində Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin alimləri və bir sıra musiqişünaslar yaxından iştirak ediblər. Əsər uzun illər aparılan tədqiqatlar əsasında hazırlanıb.
Bu cilddə müasir dövr bəstəkarlar nəslinin görkəmli nümayəndələri – Fərəc Qarayev, Firəngiz Əlizadə, Aydın Əzimov, Vaqif Mustafazadə, Polad Bülbüloğlu, Azər Dadaşov, İsmayıl Hacıbəyov, Oqtay Rəcəbov, Cavanşir Quliyev, Afaq Cəfərova, Rəhilə Həsənova və digərlərinin sənət yolu və əsərləri xronoloji ardıcıllıqla təhlil edilib. Həmçinin müstəqillik dövründə Azərbaycanın musiqi həyatında baş verən yeniliklər, eləcə də beynəlxalq əlaqələr, caz və kino musiqisinin özəllikləri tədqiq edilib. Bir sıra bəstəkarların yaradıcılığı ilk dəfə hərtərəfli araşdırmaya cəlb edilib.
Qeyd edək ki, “Azərbaycan musiqi tarixi” kitabının akademik nəşri musiqi tariximizdə ilk dəfə həyata keçirilir.