“İndi özümüzə və ətrafımıza edəcəyimiz ən böyük yaxşılıq koronovirusdan qorunmaqdır”

Koronavirus pandemiyası meydan sulamağa başlayandan insanları bu bəladan qorunmaqla yanaşı, karantin günlərinin uzun və sıxıcı boşluğunu necə doldurmaq da düşündürür. Xatırlayırsınızsa, ilk günlərdə bunu fürsət bilib evdarlıqdan kinomanlığadək ən müxtəlif əyləncələrə qapılıb, özlərini fərqli formalarda nümayiş etdirənlər daha çox oldu.

Hər zaman səhnədə, efir-ekranda, çəkilişdə, yəni göz önündə olan aktyorlar bu çətin dönəmi boş keçirmirlər. Məsələn, dünyanın məşhur aktyorları fərqli sosial layihələrlə gündəmə gəlməklə bizi həm də bu istiqamətdə təəccübləndirirlər. Kimisi karantin günlərini seriala çevirib satdı, kimisi sosial şəbəkə hesabından canlı yayımla ustad dərsləri verdi, bəziləri də bağbanlığı, balıqçılığı, aşpazlığı ilə darıxdığı tamaşaçısına yetməyə çalışdı. Hələ bunun üzərindən pul da qazandılar. İstər sosial şəbəkə reklamları, istərsə də yaradıcılıq məhsullarının satışı sayəsində nə qədər bacarıqlı oyunçu olduqlarını nümayiş etdirdilər.

Bizim səhnə, sənət adamlarının karantin gündəliyi də maraqlıdır. Xüsusən tamaşaçıları sosial təcridə, məsuliyyətə səsləyən aktyorlarımızın özünütəcriddə darıxmamağın yolları barədə dedikləri. Bizcə, yaxşı təcrübələr də var.

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlınının fikrincə, sağlam qalmaq, sonrakı gözəl günləri görmək üçün hər cür əziyyətə dözmək olar. Əgər rahat evdə, özünlə baş-başa qalmaq əziyyət hesab olunursa: “Bu günlər mənim üçün faydalı oldu. Xatirələrimi yazıram, oxumadığım kitabları oxuyuram. Karantini fürsət bilib ilk kitabımı çapa hazırlayıram. İstənilən halda evdə darıxmaq anlayışı mənə yaddır. Amma teatr üçün, tamaşaçılar üçün çox darıxıram. Biz səhnədə tamaşaçı ilə canlı ünsiyyətə alışmışıq. İnsanlarla canlı təması heç nə əvəz edə bilmir. Ona görə də karantinin bitməsini arzulayıram. Ümid edək ki, tezliklə normal həyatımıza qayıdacağıq. Bu da bizim məsuliyyətimizdən asılıdır. Bu karantin bizə bir çox mətləbləri ayırd etdi və biz azadlığımızın, yaşadığımız ömrün, əslində, adi həyat vərdişlərimizin dəyərini anlamış olduq. Buna görə də əvvəlki rahat, asudə həyatımıza qayıtmaq üçün qoyulan qaydalara şərtsiz əməl edək”.

Akademik Musiqili Teatrın aktyoru, Xalq artisti İlham Namiq Kamal vaxtını doğma Şamaxı şəhərindəki evində, əkib-becərdiyi bağ-bağçasında keçirir: “Dünya çətin bir virusla mübarizə aparır. Dövlətimiz vətəndaşını qorumaq üçün ən vacib addımları atır. Bizdən tələb olunan da sadəcə evlərimizdə oturmaq, qorunmaq, gigiyena qaydalarına riayət etməkdir. Özünüzü qoruyun ki, biz də sizinlə yenidən o gözəl səhnələrdə, tamaşa salonlarında, televiziya efirlərində görüşək. Hələlik isə bekar qalmayın, darıxmayın, ətrafınızdakıları da darıxmağa qoymayın. Vallah, o qədər gözəl, maraqlı işlər var ki. Görsəniz heç nə edə bilmirsiz, bu gözəl Vətənin təbiətindən zövq alın, torpağa can verin, bir ağaca, bir gülə qulluq edin. Bundan gözəl nə ola bilər ki? Baxın, aylardı burada, Şamaxıdakı bağımdayam. Elə bilirsiniz Bakı üçün, səhnə üçün, dostlarım üçün darıxmıram? Əlbəttə, darıxıram. Amma həm də sağlam olmaq, yaşamaq istəyirəm. Ona görə də evə qapanmağı, ətrafdan təcrid olunmağı faciə saymıram. Darıxmaq əvəzinə bağbanlıq edirəm. Biz bura gələndə çiçəkləyən ağaclarımızın indi meyvələrindən dadıram, hətta qış üçün tədarükə də kömək edirəm. Təbii ki, bişirilənlərin dadına baxmaqla (gülür). Hətta karantindən sonra üçün gözəl ideyalar var. Burada teatr yaratmaq istəyirlər və inanıram ki, arzuladığımız nəticəni hasil edəcəyik”.

Teatr tamaşaları ilə yanaşı televiziya seriallarında, kinofilmlərdə tez-tez gördüyümüz Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman aktyoru, Xalq artisti Qurban İsmayılov karantin günlərinin tez bitməsini istəyir. Nikbin insan olduğundan məsələlərə ayıq yanaşmağı, hər kəsə özünü qorumağı, sağlam qalmaq üçün mübarizə aparmağı da tövsiyə edir. Əminliklə koronavirusa qalib gələcəyimizi deyir: “Bu günlərdə 60 illik yubileyim oldu. Təbii ki, nəinki biz aktyorlar, sənət adamları, ümumilikdə hər kəs yaş ötdükcə həyata daha dərindən, daha möhkəm bağlanır. Deməli, həyat, yaşamaq bütün çətinliklərinə rəğmən gözəldir. Niyə bu gözəllikdən belə asan vaz keçək? Niyə özümüzü həyatımıza bizdən xəbərsiz soxulan bir virusa fəda edək? Məncə, dünya, insanlıq, nə bilim, bəşəriyyət üçün yox, elə özümüz, əzizlərimiz üçün sağlam qalaq, qorunaq, yetərlidir. Hə, əgər evdə qalmaq sıxıcıdırsa, deməli, özünüzlə dostlaşa, dil tapa bilməmisiniz”.  

Yuğ Dövlət Teatrının aktyoru, Xalq artisti Vidadi Həsənov karantin günlərini əsasən yaradıcılıqla məşğul olaraq dəyərləndirir: “Günlərimizi hamı kimi əsasən evdə keçiririk. Həyətimizlə, ev-eşiklə, yazı-pozuyla məşğuluq. Arabir çəkilişlərə də gedir və sənətimi icra etməyə çalışıram. Xeyli tərcümə işlərim, yazılarım var. Azərbaycan dilinə tərcümə etdiyim bir sıra pyesləri əlyazmadan kompüterə köçürürəm. Bundan başqa, bağbanlıq da edirəm. Balaca bağçamıza qulluq edirəm. Torpağa, təbiətə bağlı olduğumdan günümün əsas hissəsini də həyət-bacada keçirirəm. Teatr üçün, tamaşaçı üçün darıxmırammı? Əlbəttə, darıxıram, həm də çox. Amma şəraitə uyğun davranmaq məcburiyyətindəyik. İndi həyat və mühit şərtləri bizdən evdə qalmağı tələb edir. Bunu da özümüz üçün yox, sevdiklərimiz, ailəmiz və xalqımız üçün edirik. Tamaşaçılarımıza da deyirəm ki, evdən bacardıqca çıxmayın, səbirli olun”. 

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov da teatr üçün çox darıxdığını deyir: “Ağlım kəsəndən insanlarla təmasda, kütlə içində olmuşam. Ətrafımda daim çoxlu dostlarım olub. İndi birdən-birə özünü təkliyə qapatmaq, belə deyək, başqalarından qaçmaq o qədər də asan deyil. Amma həm də mümkünsüz deyil. Əgər sağlam qalmağımızın yolu təklikdən keçirsə, razılaşmalıyıq. Teatr üçün, balaca tamaşaçılarımız üçün çox darıxıram. Aylardır qrim otağımı, sevimli kuklalarımı görmürəm. Ona görə də bu virusa çox qəzəbliyəm. Hamınızdan xahiş edirəm, dövlətin karantin tədbirlərinə əməl edək, özümüzü qoruyaq, sağlamlığımız üçün çalışan insanların zəhmətinə qiymət verək”.

Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və aktyoru, Əməkdar artist İntiqam Soltan karantin günlərini həm də özü ilə baş-başa qalmaq fürsəti hesab edir. Onun fikrincə, içində böyük bir azadlıq gəzdirən sənət adamları, aktyorlar üçün bu karantin daha əzablıdır. Ona görə də öz məhkumiyyətini yazı-pozu ilə boğmağa çalışdığını düşünür: “Daha çox felyetonlar yazıram və sosial şəbəkə hesabımdan paylaşıram. Sənətin, yaradıcılığın, ifaçılığın bu kəsərli gücü ilə danışmaq, yazmaq elə də asan deyil. Çünki mütləq kiminsə xoşuna gəlməyəcəksən. Amma həm də kiminsə xoşuna gəlmək üçün yaşamaq mənasızdır. İndiki məqamda isə vacib olan yaşamaqdı. Özü də vahid qaydalar daxilində. Bax belə, daxili azadlığımı boğmadan özümü təcridlə məşğulam. İndi özümüzə və ətrafımıza edəcəyimiz ən böyük yaxşılıq məhz budur – koronavirusdan qorunmaq. Tək gəzmək, həvəskar fotoqraflıq çoxdankı şakərimdi. Bu da karantin günlərində dadıma çatdı. Xeyli əsərlər oxudum, yeni ideyalar üzərində çalışdım”.

Dövlət Pantomima Teatrının direktoru və aktyoru, Əməkdar artist Elman Rəfiyev də pandemiya dövründə virtual formada fəaliyyətlərini davam etdirdiklərini dedi: “Zoom” proqramı ilə işlədik. Teatrın bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə aktyorlarla məşqlər etdi, müxtəlif nömrələr hazırlandı və sosial şəbəkə hesablarından paylaşıldı. Teatrımızın yarandığı günü onlayn formada qeyd etdik. Keçmiş pantomimçilər bir araya gəldilər. Çalışdığım qədər bu günlərimi dolğun keçirirəm. 20-yə yaxın məktəbin şagirdləri ilə onlayn görüşlər keçirdim. Yeni obrazlar üzərində işləyirəm, kitab oxuyur, filmlərə baxıram. Ümid edirəm ki, hamımız bu sınaq müddətini uğurla, sağlıqla başa vuracağıq”.

Sorğumuzun yeganə qadın iştirakçısı, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası, Xalq artisti Şükufə Musayeva kişi həmkarlarından fərqli olaraq boş vaxtının azlığından şikayətlənir. Deyir, istənilən qadın, xüsusən Azərbaycan qadını nəinki karantin, ilin bütün günlərində evdə özünə bir iş tapacaq: “Karantində keçən günlərimi daha dolğun etməyə çalışdım. Bu yolla virusa təslim olmadığımı, onun əl-ayağımı bağlamadığını göstərmək istədim. Yeni obrazlar üzərində çalışmaq da sevimli məşğuliyyətimdi. Ümumiyyətlə, vaxtımı səmərəli keçirməyə çalışıram”.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Natiq Həziyev isə sevimli məşğuliyyətlərini sadaladı: “Karantin günlərində çoxlu balıq tutdum. Bu, ən gözəl istirahətdir desəm, yəqin ifrata varmaram. Bağ-bağça ilə məşğul oluram. Özüm üçün monooyunlar qururam, məşqlər edirəm. Mahnı oxumaq da sevimli vərdişimdir. Beləcə, darıxmamağa çalışıram”.

HƏMİDƏ