AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər” adlı kitabı çapdan çıxıb.

Kitabda milli qorqudşünaslıq təcrübəsində ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” eposunun mənalar sistemi sosial-antropoloji yanaşmalar kontekstində psixoanalitik metodla araşdırmaya cəlb edilib. Nəşr “Kitabi-Dədə Qorqud”da epik reallıq və metaforik məna”, “Kitabi-Dədə Qorqud”da dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” fəsillərindən ibarətdir.

Tədqiqat əsərində müasir dünya folklorşünaslığında əsas yanaşma istiqamətlərindən olan “mövqe” anlayışı tətbiq edilib. Burada mühüm metodoloji yeniliklərdən biri eposdakı çoxsaylı fakt və konfliktlərin Edip kompleksi kontekstində analizi təcrübəsidir. Edip kompleksi psixoanalitik və sosial-antropoloji tədqiqatlarda insanın emosional reallığının, sosial kimliyinin formalaşmasında həlledici əhəmiyyətə malik olan sosial-psixoloji münasibət səviyyəsi kimi öyrənilib. Müəllif tərəfindən “xanın taxtdan düşüb yenidən taxta çıxması”, “ata-oğul konflikti”, “dəlilik”, “ana xətti ilə qohumluq münasibətləri”, “ana mühitindən ata mühitinə keçid” və sair kimi epik konseptlər, həmçinin Edip və digər psixoloji komplekslərin mənayaradıcı təbiəti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində tədqiq edilib.