AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan XX əsrin əvvəllərinə aid “Qəşəm xan və Gülüstan xanım” yazılı abidəsinin yeganə nüsxəsi üzərində araşdırma və dastanın mətni kitab halında çapdan çıxıb.

İnstitutdan bildirilib ki, dastanın elmi-paleoqrafik, filoloji araşdırması və mətninin transfoneliterasiyası Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlu tərəfindən aparılıb. Kitabın rəyçisi həmin şöbənin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayeva, redaktorları institutun əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova və böyük elmi işçi Rauf Şeyxzamanlıdır.

Kitabda dastanın transfoneliterasiya edilmiş mətni olduğu kimi ilk dəfə oxuculara təqdim olunur.

***

AMEA-nın Əlyazmalar İnstitutunun daha bir yeni nəşri “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabıdır.

İnstitutun və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn kitabda Ziyadoğlu-Qacarlar nəsli və onun görkəmli nümayəndəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan haqqında tarixi mənbələrə əsaslanan məlumatlar – Cavad xanın əcdadları və nəvə-nəticələri, Gəncə uğrunda onun işğalçılara qarşı göstərdiyi şücaətlər və digər maraqlı faktlar təqdim olunub.

Nəşrin tərtibçisi institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlıdır. O, həmçinin kitabda yer alan farsdilli mətnin tərcüməçisi, şərhlərin və ön sözün müəllifidir. Kitabın rəyçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.