Və ya uzaq səhnənin qəhrəmanına alqış...

Bu gün möhtəşəm bir təqvimi bayram edirik. 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününü. 102 il öncə təməli qoyulan bu tarix bizi arzu etdiyimiz, həsrətində olduğumuz qələbəyə də aparacaq. Amma həm də o qələbəyə gedən yolun qəhrəmanlarını tanımalı, tanıtmalı, sevməli, sevdirməliyik. Həm də yaratmalıyıq. Necə?

Tarix boyu xalqın epik-bədii təfəkküründə, eləcə də əfsanədən reallığa əsas fikir və həyat yolunda seçkin insanlarına sarsılmaz məhəbbət yaranıb və bunu heç bir  qüvvə kölgədə qoya bilməyib. Vətən sevdalı, torpaq məhəbbətli bu qəhrəmanlar daim dildən-dilə dolaşıb. Şanlı ordumuzun əsgər və zabitləri də bütünlükdə hələ də bitməyən müharibənin belə qəhrəmanlarıdır. Axı hər an tərəddüdsüz Vətən üçün, sənin üçün, mənim üçün ölməyə də, öldürməyə də hazırdırlar. Bəs hanı o qəhrəmanların təsirli bədii obrazları, səhnə, sənət prototipləri?

Hərçənd bu sırada müəyyən qədər baxımlı nümunələr yox deyil. Amma yetərlidirmi və hələ də müharibə şəraitində yaşayan ölkənin yetişən nəsillərinə təbliğat baxımından cəlbedici səviyyədədirmi? Ölkəmizin aparıcı dövlət teatrlarının repertuarlarına da elə bu məramla göz gəzdirdik.

Teatrların mətbuat xidmətləri və ümumən yaradıcılıq məsələlərinə cavabdeh nümayəndələrindən hesabat xarakterli cavablar aldıq. Onların statistikasını da apardıq. Hasil olan mənzərə bir daha göstərdi ki, dramaturgiyamızdan rejissuramıza qədər bu böyük yaradıcı həlqədə hərbi-vətənpərvərlik tematikası mövzu, ideya, ana xətt kimi o qədər də gündəmdə olmayıb...

Doğrudur, bunu teatr kassası, yəni bu mövzuda tamaşaların seyrçi auditoriyası toplaması məsələsi ilə də əlaqələndirə bilərlər. Lakin onu da unutmayaq ki, bu kimi spesifik mövzulara yanaşma və səhnə həlli tamaşaçıya təsir gücündə olarsa, həm tamaşaçı toplayar, həm də festivala (əgər teatr qatıldığı festivalı həm də ölkəsinin təbliğat vasitəsi kimi görərsə) çıxar.

Gələk mətləbə. Akademik Milli Dram Teatrında bu mövzu ilə müəyyən mənada əlaqəsi olan iki tamaşa var: “Qarabağnamə” və “Xəcalət”. Teatrın mətbuat katibi Cavid Zeynallı xüsusi təqvim günlərində bu iki tamaşa ilə izləyici qarşısına çıxdıqlarını deyir. 

Son illər musiqili, komediya janrlı əsərlərlə yanaşı, dramatik pyeslərə də geniş yer verən Akademik Musiqili Teatrda bu mövzuda tamaşa hələ ki hazırlanmayıb. Müəyyən səhnə nümunələrində hərbi-vətənpərvərlik ruhu duyulsa da (daha çox hazırlıq prosesində olan “İstintaq” və “Cəmilə” əsərlərində), müstəqil səhnə yozumu verilməyib.

Bu mövzuya nisbətən həssas yanaşan Dövlət Gənc Tamaşaçılar Teatrında bir neçə tamaşa var və onlar repertuardakı yerlərini hələ də qoruyub saxlayırlar. Bu mənada 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş “Yarımçıq qalmış”, müharibənin bir ailənin timsalında bütünlükdə insanlığa vurduğu zərbələrin səhnə həlli olan “Mən gəldim, qızlar...” (“Müharibə”), hər zaman maraqla izlənilən “Mənim ağ göyərçinim”, bu il izləyicilərə təqdim olunan “Şəhərin qış gecələri” və s. tamaşaları qeyd etmək olar.

Teatrın mətbuat katibi Pərvin Nurəliyeva hərbi-vətənpərvərlik tematikasına müraciəti daim diqqət mərkəzində saxladıqlarını və əsas tamaşaçı auditoriyaları olan gənclərin bu mövzulu nümunələrə diqqət göstərdiyini deyir.

Azərbaycan Dövlət Kukla Teatrına gəlincə, bu sənət ocağında Böyük Vətən müharibəsi iştirakçısı olan tənha qocadan bəhs edən “Zəng” adlı monotamaşa hazırlanıb ki, kollektiv bu nümunə ilə daha çox beynəlxalq festivallara qatılıb.

Dövlət Pantomima Teatrının “Xocalı – bu olub”, Yuğ Dövlət Teatrının “Yad. Daş”ından başqa hələlik mövzu ilə əlaqəli nümunəsi yoxdur. Hərçənd hər iki teatrın özünəməxsus estetikası və tamaşaçıya təsir gücünə malik aktyor truppası var.

Yuxarıda qeyd etdiyim teatrlardan fərqli olaraq doğma yurddan didərginlik dərdini bilavasitə yaşayan, müharibə mövzusuna coğrafi baxımdan da daha yaxın olan sənət ocaqlarının – İrəvan Dövlət Azərbaycan, Şuşa Dövlət Musiqili dram teatrlarının, eləcə də Qazax, Ağdam, Füzuli teatrlarının repertuarlarında mövzu ilə bağlı nümunələr daha çoxdur.

Xüsusən İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarına nəzər salsaq, “Burdan min atlı keçdi”, “İrəvanda xal qalmadı”, “Qaçaq qocalar”, “Qanlı qızıl toy”, “Ölüm həsrəti”, “Ürəyində arzu tut”, eləcə də “Soyqırımı tarixinin dastanı” kimi tamaşaları qeyd edə bilərik.

Qarabağ teatrı olaraq Şuşa Dövlət Musiqili Dram Teatrında hazırlanan nümunələr sırasında isə “Şuşa dağlarını duman bürüyüb” tamaşasını vurğulamaq olar. Bundan əlavə, bu teatrın səhnəsində “Əsgər papağı”, “Güllələnmiş heykəllərin fəryadı”, “Çiçəklər açılanda”, “Adsız qadın”, “Ağ qayıq” da özünün səhnə yozumunu tapıb.

Vətənpərvərlik hissini, yurd sevgisini  aşılayan əsərlərin Sumqayıt Dövlət Dram Teatrının səhnəsindən keçidinə nəzər saldıqda isə son illərin “Vicdan hökmü”, “Dağlarda tufan”, “Burdan min atlı keçdi” tamaşalarını görmüş oluruq.

Düşünürük ki, bu sadalananları yetərli hesab etmək olmaz. Müəyyən bədii nəsr nümunələri, bədii ekran həllini tapan ssenarilər, problemin irihəcmli təfsirini verən romanlar olsa da, mövzu ilə bağlı  uğurlu pyes örnəkləri, demək olar ki, yoxdur. Baxmayaraq ki, Mədəniyyət Nazirliyi və bəzi yaradıcı təşkilatlar bununla bağlı müsabiqələr, hətta vətənpərvərlik ideyasını ehtiva edən festival formatlı tamaşa nümayişləri keçirirlər.

Unutmayaq ki, yaxşı tamaşa, peşəkar səhnə yozumu mütləq şəkildə baxımlı olacaq və öz tamaşaçısını ətrafına toplayacaq. Deyəsən, bu barədə bir az düşünməliyik. Ən azı əli tətikdə, gözü işğaldakı Vətən torpağında olan əsgər üçün...

Həmidə NİZAMİQIZI