İspaniyanın Barselona şəhərindəki “Gran Teatre del Liceu” Operası üçaylıq karantindən sonra ilk konsertini dibçəklərlə dolu zal qarşısında təqdim edib.
Altı dəqiqəlik performans zamanı Cakomo Puççininin “Crisantemi” əsəri səsləndirilib. Ənənəvi qaydada gerçəkləşən konsertdə hətta “konsert başlayır” anonsu belə verilib və 2300 bitki oturacaqlarda “yerini alıb”. Lojalarda belə boş yer olmayıb.
Konsertdən əvvəl baş prodüser Eugino Ampudia deyib ki, koronavirus infeksiyası səbəbindən insanlar geri çəkilməyə məcbur qalıb. Təbiət də onun əlindən alınan, insanların boşaltdıqları məkanlara daxil olub: “Gəlin sənət və musiqi ilə başlayaq və təbiəti gözəl bir konsert salonuna dəvət edək”.
Salonda yer alan bitkilərin pandemiya ilə mübarizə aparan tibb işçilərinə bağışlanacağı bildirilib.