Növbəti verilişin qonağı Avroviziya qalibi Eldar Qasımov olub

Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı efirin qonağı 2011-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov olub.

“Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” verilişində qonaq olan sənətçi  BMM-in səhnəsində ilk dəfə canlı olaraq ifasını təqdim etməkdən məmnunluğunu bildirib.

Xüsusi karantin günlərində fəaliyyəti və yaradıcılığı haqqında danışan müğənni vaxtını səmərəli keçirdiyini, yeni layihələr üzərində çalışdığını deyib. O, yaradıcılığındakı yeniliklər, gələcək planları, birgə çalışdığı mahnı müəllifləri ilə işbirliyindən söz açaraq yeni mahnı və kliplərini yaxın vaxtlarda təqdim edəcəyini vurğulayıb.

Avroviziya müsabiqəsində tərəf-müqabili olmuş Nigar Camal ilə birgə çalışdığı telelayihənin müsbət tərəflərindən də söz açan müğənni bu işi sevərək gördüyünü deyib.

Kiçik yaşlarından sənətdə olan Eldar təhsil aldığı Bakı şəhəri Rəşid Behbudov adına 2 saylı Musiqi məktəbinin kollektivinə və bütün müəllimlərinə efir vasitəsilə minnətdarlığını çatdırıb.

Canlı efir sənətçinin repertuarından ifalarla davam edib. Verilişdə Azərbaycan retro mahnılarına marağından danışan ifaçı canlı olaraq xalq mahnılarımızdan nümunələr də səsləndirib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır.

LALƏ