Bakı Musiqi Akademiyasının magistratura şöbəsinin Fortepiano, orqan, klavesin kafedrasının tələbəsi Şəfəq Abdullayeva Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranı ilk dəfə orqan aləti üçün işləyib. O, bu möhtəşəm musiqi nümunəsini Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə  BMA-nın böyük zalında orqanda ifa edib.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra insanlarda yenilməzliyi, mərdliyi, mübarizliyi aşılayır. Uvertüranın orqan aləti üçün işlənməsində bu musiqinin parlaqlığı, möhtəşəmliyi bir daha özünü göstərir.

1999-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən Ş.Abdullayeva hazırda isə magistratura şöbəsinin Fortepiano, orqan, klavesin kafedrasının I kurs tələbəsidir. Ş.Abdullayeva tərəfindən uvertüranın orqan aləti üçün işlənməsində və ifa olunmasında onun müəllimi, Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın dəstək və məsləhətləri də xüsusi vurğulanmalıdır.